Xəbər lenti

Demokratiya - millətçiliyin uğurudur
Aqşin YENİSEY
Ölkə 09:51 28.10.2022

Demokratiya - millətçiliyin uğurudur

Millətçilikdən söz düşən kimi millətçiliyin irqçiliklə birləşdirilmiş ideoloji forması olan alman faşizmini misal göstərib bu anlayışı aşağılamaq artıq ictimai bir instinkt. Halbuki bu gün dünyanın siyasi xəritəsinə fikir versək, hansı ölkələrdəki xalq dini kimliyini milli kimliyindən üstün tutur, o ölkələrdə insan haqlarına, demokratik düşüncəyə, söz və fikir azadlığına yer olmadığını görəcəyik. Halbuki demokratiyaya uzanan yolun başlangıcıdır millətçilik.

Sovet sosial mühəndisliyinin alman faşizmi üzərindən millətçiliyi aşağılaması təbii idi. Çünki "Xalqlar dostluğu" adıyla yüzlərlə milləti kommunizm çadırı altında saxlaya biləcəklərini düşünürdülər. Çünki bütün dünyanı bu çadırın altına yığımaq istəyirdilər və s. 
Əslində isə millətçilik Avropa xalqlarına demokratiya kimi bir azadlıq bəxş etmişdi. Necə?

Martin Lüterə və Makiavelliyə qədər Avropada dövlət, dini düşüncənin təsiri altında ilahi mənşəyə əsaslanırdı. Dövlətin özəyi yerdə yox, göydə idi. Krallar xalqın yox, tanrının seçimi idi. İlk dəfə Martin Lüter dinin mərkəzləşmiş hakimiyyətinə qarşı çıxdı və Vatikana vergi ödəmək istəməyən alman baronları onu dəstəklədilər. Protestantlıq sayəsində özlərini ümumi xristian dünyasından ayırdılar. Hətta insanın varlığını bütün dinlərin fövqündə görən Rotterdamlı Erazım belə xristianlığın parçalanmaması üçün Martin Lüteri dəstəkləmədi, tənqid etdi. Özü də hərbi stratek olan italiyan Makiavelli ilk dəfə dövləti dini mənşədən uzaqlaşdırmaq üçün mərkəzləşdirilimiş dövlət gücünü mərkəzləşdirilmiş dini gücün önünə qoydu. Dövlətin ilahi ədalətə əsaslanan mənşəyini darmadağın etdi. Siyasəti əxlaqdan ayırdı. Gücü ədalətin önünə çıxardı. Dini dövlətin əsaslarını sarsıtdı, milli dövlətə aparan yolu açdı. 

Mərkəzləşdirilmiş dövlət gücünün mərkəzləşdirilmiş dini gücə qarşı qoyulması Avropada milliləşmə, millətləşmə prosesinə təkan verdi. Krallar kilsədən asılılıqlarına son qoymaq üçün mərkəzləşdirilmiş dövləti gücünün formalaşma yolunun millilikdən, millətləşməkdən keçdiyini anladılar. Fransızlar, almanlar, ingilislər və s. xalqlar milli kimliklərinin əynindəki kirli və köhnə dini kimliklərinin köynəyini dartıb cırdılar. İlk dəfə Napoleon tacı başına öz əlləri ilə qoydu. Dinin dövlətə uzanan əlləri havada qaldı. Milliləşmə, millətləşmə prosesi xalqı dövlətin rəiyyəti olmaqdan çıxarıb, sahibinə çevirdi, bundan sonra Avropa xaqlarının müqəddəratı tanrının deyil, öz əllərində olacaqdı. Öz müqəddəratını özü təyin etmə statusu milli məsuliyyəti artırdı. Millətçilik bu milli məsuliyyətin ideoloji əsası kimi ortaya çıxdı. Öz müqəddəratını özü təyin edən Avropa xalqları əvvəlcə onları millətə çevirsə də hələ də tanrı tərəfindən "təyin olunan” kralları yıxdılar, onun yerinə özlərinin seçdikləri liderləri gətirdilər. Millətçilik demokratik düşüncənin formalaşmasına və reallaşmasına yol açdı, onun fəlsəfi-siyasi əsasını təşkil etdi. Yəni demokratiyaya gedən uzun yol millətçilikdən keçdi və keçir. 

Bəzi hallarda milliliklə millətçiliyin ayrı-ayrı anlayışlar olduğunu da söyləyirlər. Millilik milllətçiliyin nəzəri əsasından başqa bir şey deyil. Milli güc özünü müxtəlif formalarda göstərə bilər. Faşizm bu formalardan, sadəcə, biridir. Məsələn, yaponlar İkinci Dünya müharibəsində məğlub olmuş milli gücü tezliklə iqtisadiyyat qurmağa xərclədilər, Yaxud Anadolu türkləri bu milli gücü milli dövlətlərinin müdafiəsinə yönəltdikləri üçün öz müstəqilliklərini qoruyub saxlaya bildilər. Atatürk milli kimliyi dini kimliyin önünə qoymasaydı, Türkiyə bu gün heç Əfqanıstan da ola bilməyəcəkdi.  

Türkiyədə demokratiyanın uğurunu təmin edən bu ölkənin millətçilik ideologiyası oturuşmuş yeganə müsəlman ölkəsi olmasıdır. "Ərəb baharı"nın uğursuzluğunun əsas səbəbi bu ölkələrdə ərəb millətçiliyinin ya zəif, ya da heç olmaması idi. 

Xalq anlayışı bu baxımdan çox təhlükəli anlayışdır. Əslində, demokratiyanın düşməni millət ola bilməyən, ya da olmaq istəməyən xalqdır. 
Millətçiliyi ona yalnız faşizim libasında "xalq” anlayışını şəxsi məqsədləri üçün ilahiləşdirən sovet kafalı kahinlərin küyünə gedən xalq!

Aqşin Yenisey

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->