Çin mühəndislik layihələrinin möhtəşəmliyi ilə tanınır. Hazırda ölkə tarixinin ən böyük infrastruktur layihələrindən birini həyata keçirir.
Qaynarinfo "Interesting Engineering" jurnalına istinadən xəbər verir ki, bu layihə cənub bölgələrindən şimaldakı quraq ərazilərə suyun kütləvi şəkildə yönləndirilməsini nəzərdə tutur.
Layihənin əsas məqsədi su resurslarının qeyri-bərabər bölgüsünü balanslaşdırmaqdır: cənub daşqınlardan əziyyət çəkərkən, şimal bölgələrində quraqlıq hökm sürür. Bu ideya ilk dəfə 1952-ci ildə Mao Tszedun tərəfindən irəli sürülsə də, onun həyata keçirilməsinə 2002-ci ildə başlanılıb və tamamlanma tarixi 2050-ci il üçün planlaşdırılır.
Üç əsas marşrut
Layihə üç əsas marşrutdan ibarətdir:
1. Mərkəzi marşrut - Çinin Hançuan çayındakı Dançyanqkou su anbarından Pekinə qədər uzanan 1264 kilometrlik kanal. Bu kanal çəkisi əsasən cazibə qüvvəsindən istifadə edərək suyun paytaxta çatdırılmasını təmin edir.
2. Şərq marşrutu - qədim Böyük Kanalı modernləşdirərək, Yanqtsı çayından şimal şəhərlərinə, o cümlədən Tyançinə suyun yönləndirilməsini nəzərdə tutur. Burada, bəzi yerlərdə suyun hündürlüklərə qaldırılması üçün müasir nasos stansiyalarından istifadə olunur.
3. Qərb marşrutu - tikintisinə hələ başlanılmamış bu marşrut, Tibet yaylasına yaxın İ çayından suyun daxili Monqolustan, Szinxay və Qansu kimi quraq bölgələrə yönləndirilməsini planlaşdırır. Bu marşrut ciddi ekoloji və siyasi problemlərlə üzləşir.
Ekoloji və sosial təsirlər
Layihə 70 milyard dollara başa gəlməklə yanaşı, təbii ekosistemlərdə ciddi dəyişikliklərə səbəb olub. Xüsusilə Şərq marşrutunda göllər və çay qolları boyunca su həyatı, o cümlədən balıq populyasiyası zərər görüb. Bundan əlavə, suyun cənubdan şimala köçürülməsi yoluxucu xəstəliklərin yayılma riskini də artırır.
Layihənin həyata keçirilməsi səbəbindən yüz minlərlə insan öz evlərini tərk etməyə məcbur olub. Onların bir qismi əvvəllər "Üç dərə" bəndi tikintisi zamanı da köçürülmüşdü.
Tənqidlər və qeyri-müəyyənliklər
Layihənin davamlılığı ilə bağlı suallar qalmaqdadır. Ekoloji və sosial fəsadlarla yanaşı, yüksək istismar xərcləri layihənin su qıtlığı problemini həll etmək üçün praktiki bir həll olub-olmaması barədə şübhələr yaradır. Tənqidçilər hesab edirlər ki, layihə problemin əsas səbəblərinə deyil, yalnız simptomlarına yönəlib. Şimaldakı səmərəsiz su istifadəsi, xüsusən də kənd təsərrüfatı sahəsində, əsas məsələ olaraq qalır.
SSRİ-nin oxşar layihəsi
Çin bu cür nəhəng su layihəsini həyata keçirməyə çalışan yeganə ölkə deyil. 1960-cı illərdə SSRİ-də də Sibir çaylarının axarını dəyişdirmək ideyası müzakirə edilmişdi. Obi, Yenisey və İrtış kimi çayların suyu Şimal Buzlu Okeanına axarkən, Orta Asiya su qıtlığından əziyyət çəkirdi.
SSRİ-də bu layihə ilə bağlı 1970-ci illərdə konkret planlar hazırlanmışdı. Lakin ekoloji fəsadlar və böyük maliyyə xərcləri səbəbindən 1980-ci illərin sonlarında layihə dayandırılıb.
Aydın
Şərhlər