"Tərəflərin Cenevrə görüşündən irəliləyişə hesablanan heç bir addım gözləmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Elçin Şıxlı ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında bu gün Cenevrədə keçiriləcək görüşdən gözləntiləri şərh edərkən deyib.
Müsahibimiz bildirir ki, bir-iki görüşlə heç nə həll olunmur:
"İkincisi, nə Rusiya öz iddialarından geri çəkilib, nə də Ukrayna torpaqlarını alver predmetinə çevirmək fikrindədir. Tramp adminstrasiyasının da öz maraqları var. Tramp tərəfləri barışdırıb, həmin vəziyyətdən öz maraqları və ölkəsinin geosiyasi maraqları barədə düşünür. Cenevrədə də tərəflər danışıqlar aparıb, heç bir nəticə olmadan ayrılacaqlar. Buna 30 il müddətində başımıza gətirilənlərə əsasən əminəm. Bu müddət ərzində Azərbaycan və Ermənistanı görüşdürsələr də, heç nə əldə olunmurdu. Sonda problemi özümüz həll etdik. Ukrayna məsələsində də anoloji situasiya hökm sürür".
Həmsöhbətimizin fikrincə, Cenevrə görüşünün nəticəsizliyi fonunda, Tramp çalışacaq ki, Kiyevə təzyiqləri artırsın. Ancaq Avropa İttifaqının Ukraynanın arxasında durması səbəbindən Elçin Şıxlı düşünür ki, Ağ Ev buna da nail ola bilməyəcək:
"Tramp belə olan halda yenə də Kiyevə münasibətdə boş hədə-qorxuya əl ata bilər. Necə ki, indi İrana qarşı onu edir. Amma məsələ ondadır ki, Ukrayna meydanda tək deyil. Avropa İttifaqı bununla razılaşmayaraq, Kiyevin arxasında dayanacaq. Tramp Aİ ilə nə qədər dava etsə də, onu itirmək fikrində də deyil. Çünki Aİ-nin itirilməsi Amerika üçün dünyanın yarısının itirilməsi demək olacaq. Ona görə də Tramp Avropanın mövqeyini də nəzərə almalı olacaq".
Qeyd edək ki, bu gün Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu keçirilməlidir. Görüşlərin iki gün davam etməsi gözlənilir. ABŞ prezidenti Donald Tramp görüş barədə danışarkən onun vacibiyini vurğulayıb və qeyd edib ki, Ukrayna dialoqa mümkün qədər tez qoşulmalıdır.
Bu arada Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Cenevrə görüşündə müzakirə ediləcək məsələlər arasında ərazi məsələsi mühüm yer tutur.
Rüfət Sultan
Şərhlər