Xəbər lenti

Cəmiyyətin görünən üzü: Qətllər, intihar, terror - Media belə xəbərləri necə işıqlandırsın?
Ölkə 17:22 20.12.2024

Cəmiyyətin görünən üzü: Qətllər, intihar, terror - Media belə xəbərləri necə işıqlandırsın?

Mediada gedən bəzi neqativ - qətl, intihar, həbs kimi xəbərlərin bu cür hadisələrin daha da çoxalmasına zəmin yaratdığı düşünülür. Bəzi şəxslər, sosioloqlar, psixoloqlar düşünür ki, bu cür hadisələrin işıqlandırılması cəmiyyətin psixologiyası zəif üzvlərinə təsir edir. Hətta həmin məlumatların yazılmasını jurnalist peşəkarlığından uzaqlaşmaq kimi dəyərləndirənlər də az deyil.

Bəs həqiqətən bu cür xəbərlərin yazılması medianın peşəkarlığından uzaqdırmı?
 
Qaynarinfo mövzunu psixoloq Elnur Rüstəmov və media eksperti Mehman Əliyevlə müzakirə edib.

"İntihar xəbərləri Verter effektinə səbəb olur"
 

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmlinin sözlərinə görə, intihar və qətl kimi xəbərlər cəmiyyətdə ciddi neqativ təsir yaradır:

"Çünki bunlar həm emosional, həm də psixoloji həssaslıq tələb edən mövzulardır. Təsiri də olduqca dərindir. Bu xəbərlər insanlarda təhlükəsizlik hissini azalda bilər. İnsanlar özlərini və ailələrini qorumaq üçün daha ehtiyatlı davranmağa çalışır, bəzən isə paranoidal hisslər keçirə bilərlər. Digər tərəfdən, belə xəbərlər xüsusilə travmaya meyilli və ya həssas olan insanlarda dərin stressə səbəb olan post travmatik stress pozuntusu yarada bilər. Eləcə də insanlar sosial mühitin təhlükəli olduğunu düşünərək ictimai münasibətlərdən çəkinə, özlərinə qapana bilərlər".

Psixoloq qeyd edib ki, xüsusən intihar xəbərləri Verter effekti adlanan fenomenə səbəb ola bilər:

"Bu, bir hadisənin geniş yayımlandıqdan sonra insanların oxşar davranışlar sərgiləməsinə səbəb olan psixoloji hadisədir. Verter effekti, adını alman yazıçısı Hötenin "Gənc Verterin iztirabları” adlı əsərindən götürülüb. Əsərdəki qəhrəman intihar etdikdən sonra Avropada oxşar üsulla intihar edənlərin sayında artım müşahidə olunub. Bu fenomen göstərir ki, intihar xəbərləri, xüsusən də, bəzədilmiş formada verildikdə, intihar üsulu barədə detallı məlumatlar paylaşıldıqda, yaxud İntihar edən şəxs idealizə edildikdə, digər insanlarda oxşar davranışlara təkan verə bilər". 
 


Elnur Rüstəmov deyib ki, bu cür xəbərlərin təsirini azaltmaq üçün medianın məsuliyyətli yanaşması vacibdir:

"İntihar xəbərləri informasiya kimi yox, intiharın önlənə bilən bir hal olduğu vurğulanmalı, insanlar üçün yardım resursları təqdim edilməlidir. Xəbərlər informativ və maarifləndirici formada verilməlidir. Eyni zamanda, intihar üsulu və ya qətl zamanı istifadə olunan vasitələr haqqında məlumatlar dəqiq göstərilməməlidir. Hadisənin şəxsiyyətlərarası problemlərlə əlaqəsi varsa, bu barədə məlumat yalnız təhlil çərçivəsində təqdim edilməlidir".

Psixoloq onu da vurğulayıb ki, müasir medianın medianın peşəkar etik prinsiplərə riayət etməsi vacibdir. İnsanların emosional vəziyyətinə təsir edən xəbərlər paylaşarkən daha balanslı və məsuliyyətli yanaşma tətbiq olunmalıdır. Xüsusən hər hansı belə xəbər yayımlandıqda, yardım xəttlərinin, psixoloji dəstək xidmətlərinin əlaqə məlumatları göstərilməlidir. İnsanlara bu hadisələrin onların həyatına birbaşa təsir etməməsi barədə aydın məlumat verilməlidir. Yaxşı olardı ki, kütləvi informasiya vasitələri və psixoloqlar arasında əməkdaşlıq edilərək cəmiyyətin belə xəbərlərə yanaşması barədə maarifləndirmə işləri aparılsın. Xüsusilə gənclərə intiharın və ya zorakılığın həll yolu olmadığını göstərən təlimlər və seminarlar təşkil edilməlidir. Ona görə də intihar və qətl xəbərləri təkcə xəbər kimi deyil, həm də cəmiyyətin psixoloji sağlamlığını qorumaq məsuliyyətini daşıyan materiallar kimi təqdim olunmalıdır. Medianın xəbərləri necə təqdim etməsi insanların psixoloji rifahına birbaşa təsir göstərir. Ona görə də, balanslı yanaşma, etik qaydalara riayət və maarifləndirmə bu məsələlərin həllində əsas rol oynayır. Belə olan halda həm cəmiyyətin məlumatlanması təmin edilə bilər, həm də psixoloji zərərlər minimuma endirilə bilər".

"Jurnalistin xəbəri intihar hallarını çoxalda bilməz, biz olmuş hadisəni yazırıq"

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu cür xəbərlərin cəmiyyətə çatdırılmasının jurnalistikanın peşəkarlıq prinsipini pozmadığını düşünür:

"Jurnalist baş verən neqativ situasiyaları, intiharları, qətlləri yaratmır. O, sadəcə, həmin hadisəni əks etdirir. Jurnalist baş verən belə hadisələrin dərhal  işqılandırılmasında, yaxud hadisə yaratmaqda maraqlı deyil. Bu, onu göstərir ki, bu cür faktlar çoxalıb. Bu hal cəmiyyətin real kritik vəziyyəti ilə bağlıdır. Bu gün biz dünyaya kifayət qədər açığıq. Dünyada nə baş verirsə, onu görürük. Ona görə də hesab edirəm ki, jurnalistlər sensasiya yaratmaq xətrinə deyil, insanlarınmarağı xətrinə yazır. Çünki bu da bir faktdır ki, sən bu məlumatları yazırsansa, deməli buna maraq var. Bütün bunlarla bağlı da dövlət qurumları maraqlanmalı, müxtəlif tədbirlər görməlidir". 
 


"Söylədiniz ki, bu cür xəbərlərə maraq var, üstəlik də ən çox oxunan, baxış sayı gətirən xəbərlər də belə xəbərlərdir. Lakin bu cür hadisələrin çoxalmasınsa da ən çox qınanılanlar jurnalistlərdir. Bəzi psixoloq və sosioloqlar düşünür ki, bu cür xəbərlərin çox yayılması cəmiyyəti sanki oyadır” sualına cavab olaraq Mehman Əliyev bildirib ki, bu, sanki iqtisadiyyatda tənəzzül var, qiymətlər qalxır, biz isə onu yazmamaqla qiymətləri daha çox artırmış oluruq kimi bir fikirə bənzəyir: 

"Bu isə çox gülməlidr. Baş verən problemi həll etmək lazımdır. Təəssüflər olsun ki, jurnalisitikada və başqa sahələrdə olduğu kimi sosioloq və psixoloqların da arasında qeyri-peçəkarlar çoxdur. Həmin psixoloqlar, sosioloqlar birləşib bununla bağlı araşdırma aparıb, vəziyyəti cəmiyyətə çatdırmalıdır. Bu zaman biz nə baş verdiyini görə bilərik. Ümumiyyətlə, sosial gərginlik artanda bu cür hallar çoxalır. Narkomaniya artır, ailələr dağılır, boşanmalar, intiharlar artır. Bu isə real vəziyyətdir".

Günay İlqarqızı
 
Yazı 16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirlən "Media Savadlılığı" həftəsi çərçivəsində hazırlanıb.
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->