İranın Hörmüz boğazını bağlaması Tayvanı ölkəyə mayeləşdirilmiş təbii qazın 1/3-dən çoxunu təmin edən Qətər ixracatçılarından ayırıb. Halbuki ölkənin enerji sistemi 40 faiz məhz bu yanacaq növündən asılıdır.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, enerji daşıyıcılarının çatışmazlığı qlobal mikrosxem bazarında böhrana səbəb ola bilər. "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) dünyada ən müasir mikrosxemlərin təxminən 90 faizini istehsal edir. Şirkət adada istehsal olunan elektrik enerjisinin təxminən 9 faizini istehlak edir.
Tayvan mikrosxemləri raketlərin idarəetmə sistemlərindən tutmuş smartfonlara və tibbi diaqnostika avadanlıqlarına qədər hər yerdə istifadə olunur. Yarımkeçirici sektoru Tayvanın illik ümumi daxili məhsulunun təxminən 20 faizini təmin edir və ölkə iqtisadiyyatının əsas dayağına çevrilib.
Hörmüz boğazının uzunmüddətli blokadası Taypeyi seçim qarşısında qoya bilər: ya istehlakçılar və kommunal xidmətlər üçün elektrik enerjisini məhdudlaşdırmaq, ya da TSMC daxil olmaqla strateji sənaye sektoruna enerji təchizatını azaltmaq.
Mikrosxem tədarükündə yaranacaq gecikmələr qlobal miqyasda zəncirvari təsir göstərə bilər. Bu, həm mülki, həm də hərbi istehsalçıların fəaliyyətinin müvəqqəti dayanmasına, eləcə də yarımkeçiricilərin əsas komponent olduğu məhsullarda çatışmazlığa səbəb ola bilər.
Bu səbəbdən Asiya ölkələri ABŞ-dakı müttəfiqlərinə siqnal verirlər ki, enerji təminatı məsələsi mümkün qədər tez həll olunmalıdır.
Hazırda Tayvanda formalaşdırılmış "təhlükəsizlik ehtiyatı” cəmi təxminən 11 gün üçün kifayət edəcək həcmdə mayeləşdirilmiş təbii qaz ehtiva edir. Taypey bildirir ki, tədarükləri aprel ayının sonuna qədər təmin etmək üçün Fars körfəzi ölkələrinə aid olmayan alternativ ixracatçılara yönəlirlər.
Aydın
Şərhlər