"Zelenski Rusiya-Ukrayna müharibəsinin gedişində öz dövləti və xalqının maraqlarını qoruya biləcəyi təqdirdə onun növbəti müddətə namizəd olması və seçicilərin yenidən dəstəyini qazanması ehtimalı yüksəkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin hələ gözlənilməyən və tarixi bilinməyən prezident seçkilərində növbəti iştirakı məsələsinə toxunarkən deyib.
Taleh Əliyev bildirib ki, müharibə uzanacaqsa, Ukraynada yenə də seçkilərin təxirə salınması gündəmdə olacaq:
"Məğlubiyyətin əsas səbəbkarı kimi şübhəsiz ki, Zelenski günahkar bilinəcək. Belə vəziyyətdə onun nəinki seçkilərdə səs qazanması mümkün deyil, hətta namizəd olaraq ortaya çıxması belə məqbul sayıla bilməz. Qələbə dedikdə Ukrayna və Zelenski hakimiyyəti üçün iki variantı düşünə bilərik. Birincisi, sülhün BMT tərəfindən tanınan dövlətlərin ərazi bütövlüyü çərçivəsində əldə edilməsi variantıdır. İkincisi isə Trampın təklif etdiyi uzun müddətli atəşkəs və ardınca Ukraynada dinc dövrün başlanması ola bilər".
Həmsöhbətimizə görə, Ukrayna-Rusiya sərhədinə Avropanın aparıcı dövlətlərinin sülhməramlılarının gətirilməsi və Kiyevə geniş investisiya layihələrinin cəlbi növbəti dövrdə Ukraynanın qələbəsinə, Zelenskinin yenidən seçki kampaniyasına qatılaraq xalqın dəstəyini qazanmasına əlverişli zəmin yarada bilər:
"Atəşkəsdən sonra Zelenski praktik olaraq Qərbin dəstəyini ölkəsinə cəlb edə bilsə, yenidən xalqın dəstəyini qazana biləcək. Məğlubiyyət olacaqsa, Zelenski ümumiyyətlə növbəti seçkilərdə iştirak etməyəcək. Rusiyanın cəbhədəki bu günki üstünlüyü də müvəqqətidir".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını açıqlayıb. O, ikinci müddətə namizəd olmaq niyyətində olub-olmaması ilə bağlı suala cavabında, bacardığından çox iş görə bilsə, namizədliyə müsbət yanaşacağını deyib:
"Bu müharibənin necə bitəcəyini bilmirəm: əgər bacardığımdan çox iş görsəm, ona daha müsbət baxacağam".
O, rus qoşunlarının şərqdə irəlilədiyini deyib və əlavə edib ki, yanvar ayında cəbhədə sabitlik əldə etməyi qarşısına məqsəd qoyub. Bununla belə, Ukrayna lideri etiraf edib ki, bu, çox çətindir.
Rüfət Sultan
Şərhlər