Xəbər lenti

BP
Foto 17:24 11.07.2024

BP "Xankəndi" gəmisi ilə bağlı 300 milyon dollarlıq müqavilə bağladı

BP Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün "Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını elan edib.

Bu barədə Qaynarinfo-ya şirkətdən bildirilib.

Dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə "Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan"BOS Shelf LLC” və "BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.

Müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və bp-nin və tərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.

Müqavilənin iş həcminə daxildir: "Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti və quraşdırma fəaliyyətləri, sualtı müayinə, texniki xidmət və təmir işləri, bp-nin idarə etdiyi bütün obyektlər, sualtı boru kəmərləri və hasilat sistemi infrastrukturlarında ilk cavab tədbiri imkanının təmin olunması, habelə yataqların istismar müddətində tələb olunan xidmətlər üçün dəniz bazası dəstəyi.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda layihələr üzrə vitse-prezidenti Kahal Kelli: "İki ildən artıq davam edən bu mürəkkəb tender prosesini uğurla başa çatdırmağımızdan çox məmnunuq. Bu müqavilə bp və tərəfdaşlarının məhz vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülüb. Bu o deməkdir ki, bundan sonra "Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işlərimiz və fövqəladə hallara cavab tədbirlərimiz üçün əsas gəmi kimi istifadə olunacaq və bu da əməliyyatlarımızı daha təhlükəsiz və daha səmərəli edəcək. Bu geniş tender əməliyyatının aparılmasında və uğurla başa çatdırılmasında iştirak edən bütün insanlara minnətdarlığımı bildirir və çəkdikləri zəhmətə görə təşəkkür edirəm.”

Müqavilə ilkin olaraq üç il müddətinə (əlavə iki ilədək uzadılma imkanı ilə) imzalanıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->