Bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak” liseyində 10-cu sinif şagirdi 29 yaşlı qadın müəllimini güllələyib. Hadisə saat 09:00 radələrində baş verib. Vəziyyəti ağır olan müəllim xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
"İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı mətbuata açıqlamasında məktəbdə mühafizə xidmətinin olduğunu vurğulayıb: "Liseyin qapısında mühafizə var, amma buna baxmayaraq, şagird silahı içəri keçirə bilib. Hadisə sinif otağında baş verib”.
Hadisə ilə bağlı hər kəsi maraqlandıran əsas sual isə şagirdin silahı haradan əldə etməsi və onu liseyə necə keçirməsidir.
Milli Məclisin Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:
"Hesab edirəm ki, hadisənin təfərrüatları ilə bağlı tələsməməliyik. Bu kimi hallarda istintaq orqanlarının yekun rəyini gözləmək lazımdır. Məsələnin mahiyyəti də məhz bu istiqamətdə araşdırılmalıdır. Biz də nəticələri gözləməliyik. Növbəti mərhələdə isə həm dövlət, həm də özəl məktəblərdə təhlükəsizlik məsələlərinə daha diqqətlə və həssaslıqla yanaşılmalıdır”.
Deputat qeyd edib ki, bu gün dövlət təhsil müəssisələrində, eləcə də özəl məktəblərdə təhlükəsizlik sahəsində mühüm işlər görülür:
"Hesab edirəm ki, məktəblər bu məsələyə daha diqqətli yanaşmalıdır. "İdrak" liseyi Azərbaycanda tanınmış və kifayət qədər uğurlu məktəblərdən biridir. İnanıram ki, aidiyyəti orqanlar hadisəni araşdırdıqdan sonra ictimaiyyətə yekun rəy açıqlayacaq”.
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir:
"Təəssüf ki, bu hadisə qəsdən törədilib. Burada ehtiyatsızlıqdan törədilən cinayət əlamətləri yoxdur. Bu isə cinayət törətmiş məktəblinin tam məsuliyyətə cəlb olunmasına imkan verir”.
Vəkilin sözlərinə görə, məktəb mühafizəçisinin cinayət məsuliyyəti məsələsi də ciddi şəkildə araşdırılmalıdır:
"Əgər onun vəzifə səhlənkarlığına yol verdiyi aşkar edilərsə, əlbəttə, məsuliyyətə cəlb oluna bilər. Məktəblinin istifadə etdiyi ov silahının atasına qanuni şəkildə məxsus olub-olmaması da sual doğurur. Həmçinin mülki silah evdə xüsusi saxlancda saxlanılmalıdır və bu məsələ polis orqanları tərəfindən nəzarətdə saxlanılır. Xəsarətin dərəcəsindən asılı olaraq, Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayıbsa, bu, cinayətə cəhd hesab olunur. Əgər məqsəd həmin şəxsi öldürmək olubsa, məsuliyyət daha ağır olacaq. Bu halda əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilir və təqsirli şəxsin 7 ildən yuxarı azadlıqdan məhrum ediləcəyi gözlənilir. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, məktəblini bu cinayəti törətməyə təhrik edən səbəblər də ciddi şəkildə araşdırılmalıdır”.
Təhsil eksperti Elçin Əfəndiyevin sözlərinə görə, güllə təkcə "İdrak" liseyinin müəlliminə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə atılıb:
"Niyə? Çünki bu vaxta kimi müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi. İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək. Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək. İtirən Azərbaycan təhsili olacaq".
Bahar Rüstəmli
Şərhlər