Xəbər lenti

Bəs bu qızlar nə zaman uşaq olacaq?
Günay İlqarqızı
phrase_var_qaynar. 17:05 26.08.2020

Bəs bu qızlar nə zaman uşaq olacaq?

Günay İlqarqızı

Bu gün bir yazı gördüm. 17 yaşlı "özü uşaq olan qadın” artıq 4 dəfə uşaq dünyaya gətirib.

Düşündüm, mən 17 yaşımda haralarda idim, nə edirdim. Xatırladım ki, universitetə hazırlaşırdım. Hazırlığa gedib-gəlirdim. Heç bir ev, məişət qayğım yox, həyəcanım yox, tək dərdim tələbə ola bilib, gələcəyimi qurmaq idi. Peşəm isə hər gecə başımı yastığa qoyanda gözəl xəyallara dalmaq. Başqa da heç nə. 
Bunu mənə kim yaratmışdı? Əlbəttə, ailəm. Özümü dərk edəndən tək dərdləri var idi - təhsil. 

Bilirəm, müqayisəm doğru deyil.

Bəlkə yazımı oxuyan çoxunuz düşünərsiz ki, sən şanslı idin, bəs o, bəs onlar? Deyə bilərsiniz, o qızcığazdan soruşsaq, o da bu arzuları dilə gətirərdi. Bəli, haqlısız, çox haqlısız. Mənim iradım o qıza onun timsalındakı yüzlərlə gənc yaşda həyatın çətinliklərinə qurban verilən qızcığazlarımıza deyil ki. Mənim üsyanım, iradım cəmiyyətimizədir. Bəli, o atanı, ananı bu düşüncədə qəlibləşdirən cəmiyyətimizə. O cəmiyyət ki, doğulan gündən qıza evdə artıq adam kimi baxan, doğulan gündən cehiz yığdıran, 13-14 yaşına çatanda artıq oğlan namizədlərinə qızlarımızı mal kimi sərgiləyən cəmiyyətə.

21-ci əsrə gəlib çatmışıq, qızlarımızın əlinə kukla verib oyun qurmalarını istəmədən, qələm verib məktəbə göndərmədən, "yanımda dur yemək bişirməyi öyrən, gələcəkdə lazım olacaq” deyirik. Amma o anda düşünmürük ki, uşaqlığı, yeniyetməliyi əlindən alınan bir qızcığazın hansı gələcəyi ola bilər? Bəli, dağılmış gələcəklər, ortada qalmış zavallı körpələr bu qızların əlindən alınan uşaqlıqlarının nəticəsidir. Bir bina tikəndə ona təməli möhkəm qoymaq istədiyimiz kimi, uşaqlarımızın da uşaqlıqlarını onlardan almamalıyıq. 

Buna aid hər nümunəni gördükcə, xüsusilə ortada qalan körpələri gördükcə ürəyim parçalanır. Bu gün ətrafımıza bir azca boylansaq, yüzlərlə elə nümunə ilə qarşılaşarıq. 

Bu yaxınlarda belə bir xanımla tanış oldum. Heç yaşı 30-a çatmamış bir qadın, yanında boyları boyuna çatan iki uşaqla ata əlinə baxır. Soruşanda niyə, cavab bu olur: "Biz tərəfdə belədi, qız on altısına çatdı, getmədisə, artıq ona "evdə qalmış” kimi baxırlar”. 

Onu bədbəxtliyə sürüyən anadan aldığım başqa bir cavab isə: "Əşşi, bu nədi, bizimkilər "son zəng”inə iki uşaqla gedir”. 

Bir qarın çörəyə görə susub oturmaq və ya boşanmaq ən yaxşı haldı. Əks halda uşaq dünyaya gətirərkən ölən, dözməyib intihar edən qızlarımızın hesabı var ortada. Bunlar bəs necə olacaq? 

Yoxmu bir qanun, bir qayda, lap elə el qınağı ki, bunları cəzalandırsın? 

Təsəvvür edə bilirsinizmi, bu sadaladıqlarım nə deməkdir? Yox, mən təsəvvür edə bilmirəm. Mənim üçün qız anası, qız valideyni olmaq ondan canımı qurtarmaq deyil, daim onun yanında olub, əlindən tutmaqdır. 

Hər gün bir ümidlə düşünürsən ki, bəlkə düzələrik, amma hər gün də eyni xəbərləri görürsən, eşidirsən. Dərd ondadır ki, bu qızların böyük əksəriyyəti getdikləri yerdə də qərar tuta bilmirlər. Axı sevgisiz böyüdülən, ərə getmək üçün hazırlaşdırılan qız necə ana ola bilsin, necə övlad dünyaya gətirsin, böyütsün, yol göstərsin? 

Biz 16 yaşında başını bəzəyib "bax ordan ancaq ağ kəfəndə çıxa bilərsən” deyib ərə verdiyimiz qızlarımızı ərə yox, gora göndəririk. 

Oyanaq, övladlarımıza sahib çıxaq, əllərindən tutaq, sevgi verək, uşaqlıqlarını yaşadaq, təhsil verək, sonra lap istəsələr, anlı-şanlı toy da edərik. Yetər ki, onları kor qoymayaq. 

Bunu sizdən 31 yaşında hələ də uşaqlığından doymayan biri kimi rica edirəm...

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->