Xəbər lenti

Bakıda biznesmen dostunu tanışları ilə birlikdə izlədi, blokda isə... - TƏFƏRRÜAT
Ölkə 14:37 02.07.2025

Bakıda biznesmen dostunu tanışları ilə birlikdə izlədi, blokda isə... - TƏFƏRRÜAT

Bakının Nərimanov rayonunda iş adamı Bəxtiyar Babayevə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvü Yusif Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Y.Əliyev tanışı B.Babayevin valyutadəyişmə işi ilə məşğul olduğunu əvvəldən bilib.

İttihama görə, hadisə günü iş adamı yarım milyon manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə yerini dəyişib. O, pulları noutbuk çantasına yığaraq Yasamal rayonu ərazisindəki evindən Nərimanov rayonunda yerləşən evinə gətirib.

Yusif Əliyev bundan məlumatlı olduğu üçün tanışları Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib, orada həmin şəxslər pusqu qurublar. Özü isə kənarda avtomobildə gözləyib.

Bəxtiyar binaya daxil olarkən Faiq ona hücum edib və pulla dolu çantanı götürərək qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və pulları aralarında bölüblər.

Bundan sonra Yusif ölkədən qaçıb. Faiq və Elşən isə tutulub. Daha əvvəl keçirilmiş məhkəmə prosesinin nəticəsində Faiq və Elşənin hər birinə 11 il həbs cəzası verilib.

2023-cü ilin mayında Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin cinayət işi üzrə ayrıca icraat üzrə araşdırma başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun ifadəsinə görə, cinayət hadisəsi baş verən ərəfədə onun həyatında elə şeylər baş verib ki, o, bu cinayət əməlini törətməyə məcbur olub: "Buna səbəb isə mənim övladım və pulla bağlı məsələlərdir. Mən bir iş gördüm və bu işin nəticəsində də külli miqdarda pul vəsaiti itirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iş adamına basqında Faiq və Elşən də iştirak ediblər: "Faiqi tanımıram, amma Elşəni tanıyıram. Yəni mən Elşənə bu məsələ barədə danışmışam. Elşən isə mənə narahat olmamağımı, hər bir məsələni özü həll edəcəyini və hər bir şeyi özü edəcəyini bildirdi. Bəxtiyarı xarici valyuta mübadiləsi ilə məşğul olan bir şəxs kimi tanımışam. Mən blokda baş verən cinayət hadisəsində iştirak etməmişəm. O zaman avtomobildə əyləşmişdim. Eləcə də avtomobili blokdan xeyli aralıda saxlamışdım”.

Yusif qeyd edib ki, Bəxtiyara qarşı heç bir cinayət əməli törətməyib: "Yəni Bəxtiyarın əllərini tutmamışam, müqavimətini qırmamışam və onu vurmamışam. Bəxtiyara qarşı heç nə etməmişəm. Bəxtiyara heç bir xəsarətin yetirilməyəcəyi tapşırılıb. Yəni deyilib ki, ancaq Bəxtiyarın əlindən çantanı qaparaq gedəcəklər. Mən sonradan bildim ki, Bəxtiyara xəsarət yetirilib. Heç Bəxtiyarın əlində çantanın olub-olmadığını da bilməmişəm. Mən cinayət hadisəsi zamanı ümumiyyətlə Bəxtiyarı, eləcə də Bəxtiyarın bloka necə girməsini görməmişəm. Çünki cinayət hadisəsi yerindən çox aralıda avtomobildə olmuşam. Sonra Elşən və Faiq çanta ilə birgə gəldilər və avtomobilə əyləşdilər. Faiq Bəxtiyarın çiyninə vuraraq çantanı aldığını bildirdi. Həmin çantadakı pulun miqdarı yadımda deyil. Amma çantadakı pulu üç yerə böldük. Mənə 69-70 min ABŞ dolları məbləğində pul çatıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəxtiyarın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Yasamal rayonunda yaşayır: "Mənim əlavə olaraq Nərimanov rayonunda mənzilim var. Həmin mənzildə heç kim yaşamayıb. Hərdən həmin mənzilə gedərək baş çəkirəm. Təxminən 2000-ci ildən 2015-ci ilədək valyuta dəyişmə məntəqəsi işlətmişəm. Həmin fəaliyyətdən müəyyən qədər pul yığmışam”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ildə yaşadığı Yasamal rayonundakı mənzildən çıxarkən yığdığı 215 min ABŞ dolları, 200 min Rusiya rublu və 108 min manat məbləğində pulu özünə məxsus kompyuter çantasının içinə qoyub, özü ilə götürüb: "Həmin vaxt mənim ailə üzvlərim Türkiyə Respublikasında olublar. Məndən başqa mənzildə heç kəs qalmayıb. Buna səbəb isə yaşadığım mənzildə pul saxlamaq istəməmişəm. Ona görə də pulu çantaya qoydum və Nərimanov rayonundakı evimin qarşısına gəldim ki, həmin binadakı mənzilimə baş çəkim. Həmin gün saat 12:40-da binanın həyətinə daxil olan zaman həyətdə heç kəsi görmədim. Mənzilin yerləşdiyi bloka yaxınlaşdım və blokun giriş qapısında şifrə yığdım. Qapı açıldıqdan sonra bloka daxil oldum. Sonra ikinci mərtəbəyə qalxmağa başladım. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan dəhlizdə olan zaman yuxarı mərtəbədən pilləkənlərlə əvvəllər tanımadığım, təxminən 35-40 yaşlarında bir nəfər kişinin aşağı düşdüyünü gördüm. Həmin kişi mənə çatdıqdan sonra heç bir söz demədən qəflətən sifətimə, başıma yumruqla vurmağa başladı. Qəflətən yumruqla zərbə endirdiyindən özümü itirdim və ona müqavimət göstərə bilmədim. Yumruq zərbələrinin təsirindən yerə yıxıldım. Yerə yıxıldıqdan sonra həmin şəxs sifətimə və başıma yumruqla zərbə vurmağa davam etdi. Həmçinin əlimdəki çantanı almağa çalışdı. Çantada külli miqdarda pul olduğundan onu əlimdən buraxmadım. Əksinə çantanı özümə tərəf çəkərək sıxdım. Lakin hücum edən şəxs mənə zərbələr endirməyə davam etdiyindən çantanı buraxmaq məcburiyyətində qaldım. Bundan istifadə edən həmin şəxs çantanı aldı və dərhal oradan getdi. Cinayət nəticəsində mənə ümumilikdə 479 min manat məbləğində ziyan vurulub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yusif 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb. 2024-cü ilin yanvarın 26-da keçirilən proses zamanı təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib.

Buna görə də hakimlər heyəti onun şikayətinə baxılmasına xitam verib. Amma daha sonra təqsirləndirilən şəxs şikayətinə yenidən baxılması üçün Ali Məhkəməyə müraciət edib.

Daha yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, onun şikayəti təmin olunmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->