Avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır.
Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu iddianı səsləndirən isə kənar şəxs deyil, elə keçmiş deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.
Qaynarinfo Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.
O, əməkdaşımızla söhbətində bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur:
"Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq. Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsini qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yəni, bilənlər bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesi əlimizdən alıb".
Pərviz Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə də çox yaxın dost olub:
"Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan istifadə edərək arxasında duran məmurların dəstəyindən yararlanaraq mağazalar şəbəkəsini əlimizdən alıb. "Ştutqart"ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə edib. Lakin biz bu mağazanı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq".
Qaynarinfo Pərviz Abdullayevin iddiaları ilə bağlı Nəriman Əliyevin də mövqeyini öyrənməyə çalışıb. Lakin zəngimizə keçmiş deputatın köməkçisi cavab verdi. O, Nəriman Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.
Seyid
Şərhlər