Rəhman Bədəlovun "Легко ли быть азербайджанцем? Диалоги с самим собой” ("Azərbaycanlı olmaq asanmı? Öz-özümlə dialoqlar”) kitabını Azərbaycanda Maarifçi Hərəkatın 150 ildə keçdiyi yola, 100 il qabaq başlayıb hələ də bitməyən millətləşmə prosesinə, milli kimliyimizə baxış toplusu da, 85 yaşlı filosofun ömür müşahidələrindən fəlsəfi memuar da adlandırmaq olar.
Burada yazılanlara keçmişlə, bugünlə yanaşı, gələcəkdən boylanış da deyərdim – "milli kimlik”in öz yerini "planetar kimlik”ə verməkdə olduğu iddia edilən bir zamanda azərbaycanlı olmaq, yaxud qalmaq asanmı?
Nədir azərbaycanlı olmaq?
Müəllif kitabın sonuncu bölümündə bu suala dekonstruksiya fəlsəfi təlimindən cavab axtarır. Əslində heç cavab da vermir, sadəcə, "azərbaycanlı” məfhumunu "sökür”, onu tarix, coğrafiya, dil, ənənə, ailə, etnik, adət və sairə kimi çoxsaylı "hissəciklərə” bölür, ayrı-ayrılıqda təhlil edir. Amma yiğib, "azərbaycanlı olmaq”ı tam konstruksiyanı halına gətirmir. Oxucunu 150 illik suallarla baş-başa qoyur.
Və bütün bunlar nostalji xatirələr, nigaran, ağrılı düşüncələr, eyni zaman üzülməyən ümidlər işığında yazılır.
İki səhifəlik (209-210) "Bu ölkəni kim xilas edəcək?” adlı bölümü mənə görə kitabın "onurğa beyin” hissəsidir. Suala toplumdan gələn cavabların ("gənclik”, "xalqın birliyi”, "Əli bəy”, "cənab prezident” və s. ) fövqünə müəllif öz cavabını çıxarır – "düşünmək cəsarəti” ("sapere aude”) deyir, əslində Maarifçiliyə davam deyir.
Toplumda "düşünmək cəsarəti” oyatmağa can atan qocaman filosof toplumun düşünən kəsiminə "qərarvermə cəsarəti” nümunəsi göstərməli deyilmi? Kitab boyu belə nümunə – "dağın o üzünə aparan yola” tanışlıq verən fikir gəzdim.
İstərdim, kitab geniş müzakirələrə səbəb olsun, xüsusilə gənclər arasında. Məsələn, Ağalar Qutun "Aşma”sı kimi. Xatırlayanlar qoymaz yanlış yazım – "Aşma” təkrar-təkrar nəşr olunmuşdu, gənc ictimai fəalların masaüstü kitabına çevrilmişdi. Hətta mən də "Aşılası aşmalar” adlı yazı yazmışdım o kitab haqda.
Bəs Rəhman Bədəlovun kitabı necə, geniş müzakirələrə səbəb olacaqmı? İnanmaq istərdim, amma məncə yox! Niyə?
Rəhman müəllimin "dialoqlar”ında tək heyfsləndiyim kitabın rusca yazılmasıdır. Qəti fikrimdir ki, bu cür kitablar – azərbaycanlıya özünü, dünyanı, keçmişini, bugününü, sabahını anladan kitablar azərbaycanca yazılmalı, yaxud tərcümə edilməlidir. Azərbaycandilli gənc ictimai-siyasi düşünərlərin hər deyəndə yazılmayan, milli təfəkkürün formalaşması və inkişafına təkan verən belə kitabları oxuması, anlaması, ictimai müzakirələrə çıxarması və müəllifin altını tez-tez cızdığı "cəsarətli düşüncə” sahibinə çevrilməsi üçün bu, vacibdir. Yuxarıda adını çəkdiyim "Aşma”nın geniş oxucu kütləsində maraq oyatmasının əsas səbəblərindən biri Azərbaycan dilində yazılmasıdır – öz dilində öz xalqı haqda fəlsəfi fikirlərə ac oxucuya göydəndüşmə kitab idi.
Neçə il öncə yarım əsrlik Azərbaycan İntibahının (1870-1920) parlaq nəticəsi olan Cümhuriyyət və onu qurmuş insanlardan bəhs edən yazıların birini "Özünü axtaranlar ölkəsi” adlandırmışdım. Həsən bəy Zərdabidən üzü bəri nə qədər "özünü axtaran”, yəni millət yaradanlarımız var. Rəhman Bədəlov da onlardan biri, günümüzün "özünü” və "milli kimliyini” axtaran, həm də göstərən azsaylı böyük düşünərlərimizdən, müasir fəlsəfi fikrimizin öncüllərindəndir.
Oxucu kimi Rəhman Bədəlovdan yüzillik bağlı suallara açıq cavablar gözlədim. "Bu ölkəni kim xilas edəcək?” sualına "azərbaycanlı olmaq asanmı” cavabını aldım.
"Hələ heç kim sübut etməyib: azərbaycanlı olmaq asandırmı? Asan olmalıdırmı…” – kitab bu sözlərlə bitir.
Yaşadığı topluma, ölkəyə, zamana biganə qalmayan hər kəs üçün maraqlı düşüncə "yemi”dir, kitabı oxumağı dostlara tövsiyyə edirəm.
Vahid Qazi
İyul 2022
Helsinqborq, İsveç
Şərhlər