Xəbər lenti

Azərbaycanda kriptovalyuta bazarı: Hüquqi boşluqlar və vergi riskləri (MÜSAHİBƏ)
Texnologiya 13:10 19.02.2026

Azərbaycanda kriptovalyuta bazarı: Hüquqi boşluqlar və vergi riskləri (MÜSAHİBƏ)

Hazırda kriptovalyutalar dünyada olduğu kimi, Azərbaycanda da çox diqqət çəkir. Onlar yalnız investorlar üçün maraqlı alət deyil, həm də ödəniş sistemləri, bank sektoru, texnologiya və dövlət tənzimləmələri üçün yeni bir istiqamətdir. 

Azərbaycanda isə bu sahə hələ tam hüquqi tənzimlənmir. Kriptovalyutaların statusu qeyri-müəyyəndir və onların ticarəti, nəğdləşdirilməsi və vergiyə cəlb olunması üçün konkret qaydalar yoxdur. Bu, bazarın inkişafını ləngidir və investorlar üçün risk yaradır. Bu sahə və bazarın hüquqi tənzimləməsi ilə bağlı maariflləndirmə çox zəifdir. 

Kriptovalyuta ilə məşğul olmaq istəyən insanlar əksər hallarda hüquqi prosedurlardan ya xəbərsizdir, ya da tam məlumatsızdır. Ona görə də əksər hallarda müxtəlif problemlərlə qarşılaşırlar. 

Qaynarinfo-nun müsahibi UNEC Biznes Məktəbinin müəllimi, "Crypto Consulting" MMC-nin direktoru Elnur Quliyevdir.
 


- Elnur bəy, kriptovalyuta treydinqi Azərbaycanda hansı fəaliyyət növü kateqoriyasına aid edilir?

- Azərbaycanda kriptovalyuta treydinqi hüquqi baxımdan tam ayrıca tənzimlənmiş sahə olmasa da, mövcud vergi və maliyyə qanunvericiliyi çərçivəsində qiymətləndirilir. Praktik yanaşmada kriptovalyutalar ilə əməliyyatları 3 istiqamət üzrə tənzimlənir:

* fiziki şəxs tərəfindən həyata keçirilirsə – bu, adətən əmlakın alqı-satqısından gəlir kimi qiymətləndirilir;
* davamlı və sistemli fəaliyyət halı varsa – artıq bu, sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər və VÖEN açılması tələb oluna bilər;
* hüquqi şəxs tərəfindən aparılırsa – maliyyə-investisiya fəaliyyəti çərçivəsində uçota alınır.
 

Bu zaman əsas meyar fəaliyyətin davamlılığı və kommersiya məqsədidir.

- Bu gün Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi necədir?

- Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir.

- Kripto birjalardan çıxarışlar rəsmi sənəd kimi qəbul olunurmu?

- Ölkəmizdə istifadəçilər arasında daha çox populyar olan "Binance", "BitGet", "Mexc", "Kraken", "Bybit" kimi beynəlxalq platformalar istifadəçiyə əməliyyat tarixçəsi (transaction history), balans çıxarışı, depozit və withdraw hesabatı təqdim edir. Bu sənədlər maliyyə izahı üçün əsaslandırıcı sənəd kimi istifadə oluna bilər, lakin onlar Azərbaycan dövlət qurumları tərəfindən avtomatik "rəsmi maliyyə sənədi" kimi tanınmır və əlavə sübut (bank çıxarışı, müqavilə, əməliyyat izi) tələb oluna bilər. Praktikada bank və ya vergi orqanı mənbənin leqallığını sübut etməyi tələb edir.

- Elnur bəy, kriptovalyuta birjalarından vəsait necə rəsmi nağdlaşdırır?

- Birjalardan rəqəmsal aktivlərin nəğdləşdirmə prosesi adətən aşağıdakı kimidir:

1. Kripto aktivlər (btc, eth və s) birja daxilində satılır və USDT stabilkoinə konvertasiya edilir 
2. Vəsait bank hesabına (P2P ilə) köçürülür.
 

Bu zaman bank tərəfindən mənşə araşdırması (source of funds) aparıla bilər. Əgər məbləğ yüksəkdirsə, bank əməliyyat tarixçəsi, birja çıxarışı, alış qiymətinə dair sübut tələb edə bilər. Əsas şərt şəffaflığın təmin edilməsidir.

- Kripto birjalardan kartlara adətən köçürülmə halları baş verəndə, bir neçə dəfə təkrar köçürmədən sonra bəzən kartlar bank tərəfindən bloklana bilir. Bəs bank kartının bloklanmasının qarşısını necə almaq olar?

- Bank kartlarının bloklanması AML (Anti-Money Laundering) nəzarəti, şübhəli əməliyyatların monitorinqi və qanunsuz vəsaitlərin izlənilməsi məqsədi daşıyır. Banklar yüksək riskli əməliyyatları avtomatik monitorinq edir. Bloklanma riskini azaltmaq üçün birja hesabının KYC (şəxsiyyət təsdiqi) tamamlanmış olması, vəsaiti mərhələli şəkildə çıxarmaq, eyni gündə çoxsaylı və ya böyük həcmli əməliyyatlardan çəkinmək lazımdır. Bank və tənzimləyici orqanlar üçün ən vacib prinsiplər şəffaflıq, gəlirin düzgün bəyan edilməsi və mənbənin sənədlə təsdiqidir.

Müasir dövrün iqtisadi trendlərindən biri kimi kriptovalyutalar dünya maliyyə bazarlarında getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Onlar yalnız investorlar və treyderlər üçün maraqlı alət olmaqla qalmır, həm də ödəniş sistemləri, bank sektoru və hətta dövlət tənzimləmələri baxımından yeni çağırışlar yaradır. Azərbaycanda isə kriptovalyuta bazarı hələ tam hüquqi bazaya malik deyil və bu sahədəki hüquqi boşluqlar onun inkişafını müəyyən dərəcədə ləngidir.
 
Günay İlqarqızı

--> -->