Avropada günəşin aylarla batmadığı "başqa dünya” adaları var
Norveçin Lofoten adaları getdikcə daha çox turistin diqqətini cəlb edir və "soyuq istirahət" üçün ideal məkan hesab olunur.
Qayanrinfo xəbər verir ki ki, bu barədə "Daily Express" məlumat yayıb.
Məlumata görə, may-avqust ayları arasında Norveçi ziyarət edən turistlər nadir bir təcrübə - "gecəyarısı günəşi"ni yaşaya bilərlər. Bu aylarda günəş heç batmır və ölkəni sutkanın 24 saatı boyu kəşf etmək mümkündür.
Lofoten adaları sərt təbiəti, dünyanın ən füsunkar mənzərələrindən bəzilərini təqdim edən arxipelaqı, cazibədar balıqçı kəndləri və zəngin mədəni irsi ilə fərqlənir.
"Much Better Adventures" şirkətinin səyahət təşkilatçısı və inkişaf meneceri Kris Kirni də yaxınlarda bu adaları ziyarət edib. O bildirib ki, burada düşərgə qurmaq, kanyonda üzmək və yeni məkanları araşdırmaq kimi fəaliyyətlərin hər biri unudulmaz təəssüratlar yaradıb.
"Arktikada keçirdiyim həftə, günəşin heç batmadığı bir vaxtda, həyatımın ən sürreal təcrübəsi oldu. Bu qədər uzun müddət qaranlığı görməmək insana "başqa dünya" hissi yaşadır", deyə Kirni qeyd edib.
O, xüsusən bir xatirəni vurğulayıb: "Lofoten adalarında düşərgə qurduq. Üstümüzdə qartallar uçurdu, ətrafda sakit bir körfəz uzanırdı, buludlar Valberq dağlarının zirvələrini örtmüşdü, uzaqda isə Festvoqtinden dağı görünürdü. Gecəyarısı günəşi bu yay tətilini daha da rahat etdi".
Səyahətçi əlavə edib ki, burada vaxt daha axıcı keçib: "İstəsəniz, gecə saat 2-də belə dağa yürüşə çıxa bilərsiniz. Günlər isə tələsmədən başlayırdı, çünki qısa gündən maksimum istifadə etmək məcburiyyəti yox idi".
Lofoten adalarına ən tez hava yolu ilə çatmaq mümkündür: əvvəlcə Osloya uçmaq, sonra Bude şəhərinə daxili reyslə getmək və ardınca adalara uçuş həyata keçirmək lazımdır.
Adalara dəniz yolu ilə də getmək mümkündür. Norveçin sahilboyu kruiz, bərə və yük daşımaları ilə tanınan "Hurtigruten" şirkəti Bude şəhərindən sonra Stamsunn limanına, daha sonra isə Svolvær şəhərinə çatır. Geri dönüşdə isə eyni marşrut əks istiqamətdə təkrar olunur.
Aydın
Şərhlər