"Böyük Britaniya və Avropa İttifaqının bu problemin öhdəsindən gəlmələri üçün imkanları var və onlar bunu edəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Donald Trampın Ukraynaya yardımı dayandırdığı barədə məlumatlardan sonra Avropa İttifaqının təkbaşına bu işin öhdəsindən nə dərəcədə gələ biləcəyi barədə suala cavabında deyib.
Həmsöhbətimiz bildirib ki, Trampın belə bir qərar verəcəyi öncədən bəlli idi:
"Bayden administrasiyası buna görə Ukraynaya ayrılan yardımı Konqresdən keçirmişdi. Ayrılan və təsdiqlənən yardımın Tramp tərəfindən bloklanması qərarının nə dərəcədə mümkün olub-olmayacağını görəcəyik. Amma məsələ ondadır ki, Ukrayna müharibəsi başlanan dövrdən Trampın yenidən seçilməsi məsələsi dəqiqləşənə kimi Bayden administrasiyası Ukraynaya ayrılan yardımı çox ehtiyatla və xəsisliklə verirdi. Bu, ümumi yardımın az faizi idi. Hətta keçən ilin əvvəlindən Bayden 6 ay müddətində yardımı Konqresdən keçirə bilmədiyi üçün proses bir müddət dayandı. Amma Ukrayna yenə də Rusiyaya müqavimət göstərməyə davam etdi. Bu zaman təbii ki, Böyük Britaniya və Avropa İttifaqının rolu önə çıxdı”.
Ekspert deyir ki, mövcud vəziyyətdə Aİ-nın Ukraynaya dəstək verməsi bundan sonra çətin olsa da, bu, onlar üçün həyati əhəmiyyət kəsb etdiyindən məcburən Ukraynaya yardım edəcəklər:
"NATO-da bunda mühüm rol oynayacaq. Tramp Aİ ölkələrinin ümumdaxili məhsulun 2 faizinin hərbi xərclərə ayrılmasını keçən hakimiyyəti dövründə tələb edirdi. İndi Aİ ölkələri daha yuxarı faizlərdən danışırlar”.
Ekspert düşünür ki, Avropa ölkələri məcbur qalarsa, tərəddüd etmədən bu xərcləri artıracaqlar:
"Çünki Ukraynanın təhlükəsizlik məsələsi Avropa üçün də əsas məsələdir. Rusiyanın təcavüzkar siyasətinə qarşı hazırlıqlı olmaq onlar üçün digər məsələlərdən vacibdir. Xüsusən də, Tramp Avropanı Rusiya ilə baş-başa qoyacaqsa”.
Bu mənada politoloq hesab edir ki, Aİ üçün Rusiya-Ukrayna müharibəsi indi başlayır:
"Onlar bu müharibənin ağırlığını indi daha artıq dərəcədə öz üzərilərində hiss edəcəklər. Ukraynanın Rusiya ilə müharibədən məğlub çıxması Qərblə yanaşı Aİ-nin də məğlubiyyəti olacaq. Odur ki, buna imkan verəcəklərinə inanmaq çətindir”.
Qeyd edək ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ-ın yeni prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb. Bu barədə "Los Angeles Times” məlumat yayıb.
Məlumata görə, bu addım Tramp administrasiyasında xarici ölkələrə yardımın ABŞ-ın mövcud siyasətinə uyğun olub-olmadığını müəyyən etmək üçün atılıb. Belə vəziyyətdə Ukraynaya dəstəyin bütün yükü aydın məsələdir ki, Avropa İttifaqı ölkələrinin üzərinə düşəcək. İndiyə qədər Aİ prosesdə aktiv olsa da, Kiyevə dəstəkdə əsas rolu birmənalı olaraq ABŞ oynayırdı. Lakin Vaşinqtonun bu yardımı dayandırması Avropanı məcbur edəcək ki, prosesi tamamlə öz üzərlərinə götürsünlər. Amma sual yaranır: Aİ ABŞ olmadan bunun öhdəsindən gələ biləcəkmi?
Rüfət Sultan
Şərhlər