Xəbər lenti

Artıq mövcud olmayan üç insan əli…
Vüsal Bağırlı
Ölkə 12:36 06.01.2021

Artıq mövcud olmayan üç insan əli…

Vüsal Bağırlı

"Qüssəli şeylər bizim üçün gülüş doğurur, gülməli əhvalatlar isə kədər. Fəqət doğrusunu desək, biz özümüzdən savayı hər şeyə biganəyik”.
Mixail Lermontovun "Zəmanəmizin qəhrəmanı” əsərindən

Həyətə yenicə düşüb, bağçaňın qarşısındakı qaranlıq küçə ilə addımlayırdım ki, qarşıdan əsən külək özüylə soyuq yanvar küləyi ilə bərabər, səs-küy, siqnal səsləri, haray-qışqırıq da gətirdi. Arxa tərəfdən qaçaraq gələn yeniyetmə oğlanlar sevincək "tez çataq, lap indicə gəldi” deyərək yanımdan ildırım sürəti ilə ötüb keçdilər. Mən yoluma davam etdikdə, azacıq irəlidə, bina blokundan düşən kövrək işığın altında, izdiham tərəfindən əhatəyə alınmış hərbi geyimli bir nəfərin tərəddüdlə dayandığını gördüm. O çaşqın nəzərlərlə ətrafa baxırdı. İnsanlar, bina sakinləri, qonum-qonşular, yaxınlıqdakı kiçik marketin satıcı və alıcıları, taksi sürücüləri, hamı axışıb gəlirdi. 

Hamı gəlirdi ki, günümüzün, indimizin, zəmanəmizin qəhrəmanını öz gözləri ilə görsünlər. Cəbhədən gəlmiş, ordudan yenicə tərxis olunmuş gənc isə baxır, əl yelləyir, gülümsəyirdi. Vaxtilə güllə yağışı altında səngərə sığınmış bu naməlum igid, indi sual yağışı altında çaşıb durmuşdu. Maraq hamını bürümüşdü. Adamlar hər şeyi elə yerindəcə öyrənmək istəyirdilər. "Füzulidə olmusan?", "Şuşada döyüşdün?", "Oğlum Arifi Hadrutda görmədin?", "Bəs mənim qardaşımı haçan evə buraxacaqlar?.." 

Sonra əsgər izdiham içərisində tanıdığı insanlarla, məhəllə uşaqları ilə görüşüb qucaqlaşdı və çevrilib bloka girdi. Sürəkli alqış səsləri eşidildi. Hamı əl çalırdı. Hamı həyəcanlı idi. Qadınların gözləri yaşamışdı. Kişilər fəxarət və qürur hissi keçirirdi. Bəli, onlar geri qayıdırlar. Onlar böyük və şərəfli missiyanı uğurla yerinə yetirib, baş ucalığı ilə evlərinə dönürlər, ailələrinə, doğmalarına qovuşurlar.

*

Dünən Bərdənin raket hücumuna məruz qaldıqdan sonra çəkilmiş fotoşəkillərinə baxırdım. Biri diqqətimi cəlb etdi. Küçənin ortasına qara örtük salınıb. Onun görünüşü, rəngi, təyinatı belə adamı dəhşətə gətirir, diksindirir, ətini ürpədir. Düzbucaqlı örtüyün kənarından qana bulaşmış üç əl kənara çıxıb. Artıq mövcud olmayan üç insan əli: kişi, qadın və uşaq.

Bəlkə də həyatda, yaşadıqları zaman bir-birlərini tanımayan bu üçlüyü, indi ölüm adlı kabus birləşdirmişdi.

Erməni hərbi birləşmələrinin Bərdəyə, Gəncəyə və digər şəhərlərimizə vurduqları bu cür xain zərbələrindən sonra, adamı istər-istəməz bir sual düşündürür: "dünya birliyi niyə susur" deyə səslənməyin hansısa mənası vardırmı?

Otuz illik işğal boyunca həmin susqunluğun acı və faciəli nəticələrini daim öz dərimizdə hiss etmədikmi?

Vətən savaşına başlamaq, ədaləti öz gücümüzlə bərpa etmək istəyi elə bu susqunluqdan, bilə-bilə görməməzlikdən irəli gəlmədimi?

Bütün dünyada xalqlar millətlər, dövlətlər inkişaf etmiş ölkələrə, aya, ulduza, kəhkəşana baxıb inkişaf edir, biz işə işgal altında olduğumuza görə həmişə özümüzü Ermənistan adlı girdirmə dövlətlə müqayisə edirdik. Məcburiyyətdən.

Bundan sonra isə, onlara tərəf heç gözucu da baxmaq lazım deyil. Kimdilər axı onlar?

Ərazimiz ərazilərindən gözəl, bərəkətli. Torpağımız torpaqlarından münbit, səfalı. Resursumuz qat-qat çox. İnsani dəyərimiz tükənməz. Biz miflərlə, keçmişin şişirdilmiş xulayaları ilə yaşamırıq, yaşamayacağıq da…

Ayıq-sayıqlığı qorumaq şərti ilə qarşıya daim ən yüksək hədəflər qoymalıyıq.

Ən əlçatmaz ideya uğrunda mübarizəyə qalxmalıyıq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->