"Anamı ölümcül hala salıblar, heç bir həkim yiyə durmur" (VİDEO)
Bakı sakini Hacıyev Rövşən Elşən oğlu anası Hacıyeva Kifayət Akif qızının "Appro Hospital”da keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşdüyünü bildirib.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, anası 10 sentyabr 2025-ci il tarixində həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə tərəfindən əməliyyat olunub.
Rövşən Hacıyev iddia edir ki, əməliyyatdan sonra anasının vəziyyəti kəskin şəkildə pisləşib:
"Bir həftə ərzində dərmana 2800 manat pul vermişəm. Elşən Hüseynzadə ilə artıq yeddi aydır təqaüdə çıxmış Nazim Verdiyev anamı əməliyyat edib. Haradadır o həkimlər, çıxsınlar ortaya. Tibb bacısı mənə deyirdi ki, gündə 20 manat ver, sənin anana baxım. Verdiyim pullara baxmayaraq, nəticə bu oldu. Nazim Verdiyev öz maşınında məndən 3 min manat da alıb”.
O qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib:
"Bir həftə ərzində anamı əməliyyat etdilər, amma şah damarındakı şişdən xəbər vermədilər. Əməliyyat zamanı həmin şişi kəsib zədələdilər. Xəstəxanaya gətiriləndən cəmi 2-3 gün sonra hər iki həkim ölkəni tərk etdi”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər