"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üzrə "FarmHER” layihəsinin icrasına başlayıb.
Bu barədə "Alternativ” İctimai Birliyinin sədr müavini Jalə Quliyeva məlumat verib.
Jalə Quliyeva bildirib ki, "FarmHER” layihəsi "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən "Azercell”in sponsorluğu ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində icra olunur. Layihə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasını əhatə edir.
O qeyd edib ki, "FarmHER" layihəsi kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə iqtisadi müstəqilliyini və ümumi rifahını artırmaq məqsədi daşıyır. Əsas diqqət qadınların praktiki təlimlər vasitəsilə davamlı kənd təsərrüfatı, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalara və sahibkarlıq strategiyaları üzrə bacarıqlarla təchiz edilməsinə yönəlib. Təcrübəli təlimçilər tərəfindən kənd yerlərində yaşayan qadınlara uyğunlaşdırılmış təlimlər qadınların aqrobiznes sahibkarına çevirilməsinə təkan verəcək.
Jalə Quliyeva vurğulayıb ki, "FarmHER” müasir əkinçilik, heyvandarlıq texnikaları, davamlı təcrübələr və aqrobiznesin idarə edilməsi üzrə hərtərəfli təlim proqramlarını nəzərdə tutur. Buraya praktiki təlimlər və rəqəmsal resurslara çıxış daxildir. Təlimlər aqrobiznesin əsaslarına, məhsulun idarə olunmasına, zərərvericilərə qarşı mübarizəyə, marketinq strategiyalarına, innovasiya və texnologiyanın mənimsənilməsinə diqqət yetirən interaktiv sessiyaları əhatə edəcək. Effektiv əkinçilik və heyvandarlıq texnikası və texnologiyalarını nümayiş etdirmək üçün praktiki nümayişlər həyata keçiriləcək. İştirakçılar onlara məsləhət və dəstək verə biləcək təcrübəli mentorlarla təmin ediləcək.
Layihə kənd təsərrüfatı ilə məşğul olan və ya öz aqrobiznes müəssisələrini qurmaq potensialına malik olan kənd qadınlarını hədəfləyir. Bura kiçik fermerlər, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaqda maraqlı olan qadınlar və mövcud kənd təsərrüfatı təcrübələrini təkmilləşdirmək istəyənlər daxildir. Layihə Şamaxıda həyata keçiriləcək və rayonun kəndlərini əhatə edəcək. Layihədə 25 nəfər kənd qadınının iştirakı nəzərdə tutulur.
Təlimlərdə iştirak edən qadınlara sertifikat veriləcək.
Şərhlər