Xəbər lenti

Alimlər tarixi açıqladı: Süni intellekt insanı nə vaxt ötəcək?
Dünya 09:00 15.10.2025

Alimlər tarixi açıqladı: Süni intellekt insanı nə vaxt ötəcək?

Yer üzündə 300 min ildir ən ağıllı canlı sayılan insanlıq, süni intellekt qarşısında bu üstünlüyünü itirməyə heç olmadığı qədər yaxındır. Mütəxəssislərin fikrincə, texnoloji "təkillik” (Singularity) adlanan dönüş nöqtəsi gözləniləndən daha tez baş verə bilər.

Qaynarinfo xəbər verir ki, araşdırma qrupu "AIMultiple", 8 590 alim və sahibkarın proqnozlarını birləşdirərək təkilliyin nə vaxt reallaşa biləcəyini təhlil edib. Nəticələr göstərib ki, ekspertlərin gözləntiləri hər il daha da yaxınlaşır.

2010-cu illərin ortalarında tədqiqatçıların çoxu süni intellektin insan zəkasını 2060-dan əvvəl keçməsinin mümkünsüz olduğunu düşünürdü. Lakin bu gün bəzi texnologiya rəhbərləri bu hadisənin cəmi bir neçə ay ərzində baş verə biləcəyini bildirirlər.

Təkillik nədir və niyə vacib sayılır?

Riyaziyyatda "təkillik” anlayışı fiziki qanunların çökməsi və maddənin sonsuz sıxlığa çatdığı nöqtəni ifadə edir. Yazıçı Vernor Vinge və futurist Ray Kurzveil bu termini texnologiyaya uyğunlaşdıraraq tamamilə yeni məna veriblər. Müasir anlamda "texnoloji təkillik” süni intellektin insan zəkasını ötərək öz inkişafını insan nəzarəti olmadan sürətləndirdiyi mərhələni bildirir.

Mütəxəssislərin çoxu təkilliyin qaçılmaz olduğunda həmfikirdir, lakin vaxtı barədə yekdil fikir yoxdur. "Anthropic" şirkətinin baş direktoru Dario Amodei "Machines of Loving Grace” adlı məqaləsində təkilliyin artıq 2026-cı ildə baş verə biləcəyini iddia edir. Onun sözlərinə görə, bu səviyyədəki süni intellekt əksər sahələrdə Nobel mükafatı laureatından daha ağıllı olacaq və məlumatı insandan 10–100 dəfə sürətli işləyəcək.

Eyni şəkildə "Tesla" və "X" şirkətlərinin rəhbəri İlon Mask 2024-cü ildə verdiyi müsahibədə "Əgər süni ümumi intellekti (AGI) ən ağıllı insandan daha ağıllı sistem kimi qəbul ediriksə, bu çox güman ki, gələn il və ya iki il ərzində baş verəcək” demişdi. "OpenAI" rəhbəri Sem Altman isə 2024-cü ildə yazdığı məqalədə "Super zəkaya min gün qaldı” ifadəsini işlədərək təkilliyin 2027-yə yaxın olacağını vurğulamışdı.

Realdırmı, yoxsa həddindən artıq nikbinlik?

Bu proqnozlar iddialı səslənsə də, tamamilə əsassız deyil. Hazırda böyük dil modellərinin hesablama gücü təxminən hər yeddi ayda bir ikiqat artır. Bu sürət davam edərsə, qəfil "zəka partlayışı”nın yaşanması mümkündür. Lakin mütəxəssislərin əksəriyyəti təkilliyin hələ uzaqda olduğu fikrindədir.

Tarix boyu süni intellektlə bağlı çox nikbin proqnozlar özünü doğrultmayıb. Məsələn, "süni intellektin atası” hesab edilən Cefri Hinton 2021-ci ilə qədər xəstəxanalarda radioloqlara ehtiyac qalmayacağını demişdi. 1965-ci ildə isə Herbert Saymon "Makinələr iyirmi il ərzində insanın gördüyü hər işi görə biləcək” fikrini səsləndirmişdi. Bu gün isə süni intellekt hələ də insan beyninin yaradıcılıq və çeviklik qabiliyyətinə çata bilmir. Bununla belə, bəzi şirkətlər erkən təkillik ssenarisini investorların inamını artırmaq üçün istifadə edirlər.

Təkilliyin real tarixi nə vaxt ola bilər?

"AIMultiple"ın 8 590 ekspertin cavablarını birləşdirdiyi təhlilə görə, alimlərin çoxu təkilliyin təxminən 20 il sonra baş verəcəyini düşünür. İlk mərhələ, insan səviyyəsində ümumi süni intellektə (AGI) çatmaq olacaq. AGI-nin 2040-cı illərdə, bəzi investorların fikrincə isə 2030-cu illərin ortalarında yaranması gözlənilir.

Bu mərhələdən sonra süni intellektin çox qısa müddətdə "super zəka” səviyyəsinə çataraq təkilliyi başladacağı ehtimal edilir. Alimlərin hesablamalarına əsasən, AGI-nin yaranmasından iki il sonra təkilliyin başvermə ehtimalı 10 faiz, 30 il ərzində baş vermə ehtimalı isə 75 faizdir.

Fikirlər müxtəlif olsa da, mütəxəssislər bir məsələdə həmfikirdirlər: təkillik gəlir. Və bəşəriyyətin Yer üzündə ən ağıllı növ kimi hökmranlıq dövrü artıq sonuna yaxınlaşır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->