"Ali təhsildə dərs həftəsinin 5 gündən 4 günə keçirilməsi formaca sadə görünsə də, əslində çoxşaxəli nəticələr doğuran qərardır. Təhlil göstərir ki, burada söhbət yalnız günlərin azaldılmasından deyil, tədris yükünün sıxlaşdırılaraq daha çevik qrafiklə təşkilindən gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov bu il ali məktəblərin bəzi ixtisaslarında tətbiq olunan 4 günlük dərs qarafikinin mənfi və müsbət tərəflərindən danışarkən deyib. Ekspert bildirib ki, "Təhsil haqqında" Qanunda ali məktəblərə verilən muxtariyyət hüququ bu cür qərarların qəbuluna şərait yaradır:
"Qanunda eyni zamanda təhsilin sosial-iqtisadi tələblərə uyğun olması, məzunların əmək bazarına hazırlanması açıq şəkildə vurğulanır. Deməli, 4 günlük qrafik sadəcə texniki dəyişiklik deyil, keyfiyyət və məzmun məsələsi ilə birbaşa bağlıdır. Praktikaya baxanda görünür ki, bu model artıq lokallaşmış formada tətbiq edilir. Bakı Dövlət Universitetində bəzi ixtisaslarda 4 günlük dərs cədvəli təsdiqlənib. Auditoriya yükü 20–22 saat olaraq qalır, sadəcə dərslər 4 günə toplanır. Azərbaycan Memarlıq və İnşaat Universitetində də oxşar yanaşma bəzi ixtisaslarda illərdir mövcuddur. Digər universitetlər - ADPU və AZTU hələ 5 günü saxlayır, ADNSU isə bakalavrda 5 gün, magistraturada 3–4 gün modelindən istifadə edir. Bu fakt göstərir ki, ölkə üzrə vahid qərar yoxdur, hər universitet öz daxili imkan və yük bölgüsünə əsasən fərqli yanaşma seçir".
Ekspert vurğulayıb ki, dünya təcrübəsi ilə müqayisədə bu addım normal və müasir görünür:
"ABŞ və Avropada bir çox universitetlərdə dərslər 3-4 gün keçirilir, digər günlər isə tədqiqat, praktika, layihə işlərinə ayrılır. "Focus Friday” və ya "block plan” modelləri göstərir ki, sıxlaşdırılmış cədvəl keyfiyyət itkisindən çox, düzgün yönləndirildikdə öyrənməni dərinləşdirən vasitəyə çevrilə bilər. Ancaq bunun üçün tələbələrin boş günləri passiv istirahət yox, aktiv öyrənmə ilə doldurması şərtdir. Müsbət tərəfləri ondan ibarətdir ki, 4 günlük qrafik tələbələrə əlavə vaxt verir. Onlar bu vaxtı elmi-tədqiqat, xarici dil, informasiya texnologiyaları, startap layihələri, təcrübə proqramları və fərdi inkişaf üçün istifadə edə bilərlər. Müəllimlər üçün dərslərin qruplaşdırılması metodiki hazırlığı asanlaşdırır, infrastruktur isə daha optimal bölüşdürülür. Bu baxımdan Bakı Dövlət Universitetinin addımı müasir idarəetmə yanaşmasının nümunəsi kimi müsbət dəyərləndirilə bilər".
Kamran Əsədov qərarın mənfi tərəfini də açıqlayıb:
"Bu ondan ibarətdir ki, sıx qrafik tələbələrin gündəlik yüklənməsini artırır. Bir gün ərzində 6-7 dərsin keçirilməsi diqqətin azalmasına və nəticələrin zəifləməsinə səbəb ola bilər. Xüsusilə laboratoriya və praktik fənlərdə belə sıxlıq keyfiyyətə ciddi təsir göstərə bilər. Əlavə olaraq, son illərdə təhsil haqlarının artması tələbələrdə narazılıq yaradır. Günlərin azalması ilə paralel ödənişlərin yüksəlməsi "az dərs - çox ödəniş” arqumentini gücləndirir. Universitetlərin kitabxana, laboratoriya, işə hazırlıq imkanlarını inkişaf etdirmədən qiymət artımı etməsi sosial baxımdan ədalətsiz görünür. Əmək bazarı ilə əlaqə məsələsi də kritikdir. Tələbələrin boş günləri rəsmi "praktika günü” kimi təsbit olunmalı, işəgötürənlərlə müqavilələr bağlanmalı, universitetlərin karyera mərkəzləri həmin günlərdə məcburi seminar və meta-bacarıq dərsləri təşkil etməlidirlər. Əks halda, boş günlər tələbələr üçün sadəcə dincəlmə vaxtına çevriləcək".
Ekspert hesab edir ki, 4 günlük dərs modeli ali təhsil üçün imkan yaradan pəncərədir:
"Auditoriya günlərinin azalması fonunda praktiki və tətbiqi öyrənmə artırılmalı, tələbəyə əlavə dəyər yaradılmalıdır. Təhsil haqlarının artımı yalnız xərclərin indeksləşməsi ilə deyil, real dəyər, yeni laboratoriyalar, rəqəmsal resurslar, praktika imkanları ilə əsaslandırılmalıdır. Bakı Dövlət Universitetinin atdığı addım müsbət nümunədir, lakin digər universitetlər də bu modeli sadəcə loqistik rahatlıq kimi deyil, real əmək bazarı inteqrasiyası və keyfiyyət yüksəlişi vasitəsi kimi tətbiq etməlidirlər. Əks halda, tələbələrin "gün azalıb, haqq artıb" arqumenti haqlı olaraq güclənəcək".
Xatırladaq ki, sentyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində bəzi ixtisaslarda dərslər həftədə 4 gün keçirilir. Həmçinin bu qərar Azərbaycan Memarlıq və İnşaat Universitetinin ( AZMİU) bəzi ixtisaslarda tətbiq olunur.
Bahar Rüstəmli
Şərhlər