Xəbər lenti

Aftandil Hacıyev hansı kluba gedir: “Bu ay ola bilər...”
İdman 16:13 13.12.2022

Aftandil Hacıyev hansı kluba gedir: “Bu ay ola bilər...”

Sonuncu iş yeri "Səbail”dən ayrıldıqdan sonra hələ ki, işsiz qalan Aftandil Hacıyev hazırda davam edən Azərbaycan Premyer Liqasının gedişatı ilə bağlı fikirlərini bildirib.

O, Qaynarinfo-ya açıqlamasında komandaların durumu və karyerası ilə bağlı bəzi sualları da cavablandırıb.

"Hazırda karyeramla bağlı bir yenilik yoxdur. Gözləyirəm. Belə hallar olur, müəyyən vaxta qədər gözləməlisən. Hazırda təkliflər yoxdur. Yalnzı bir-iki dəfə baş məşqçiliklə bağlı söhbətlər olub, o da artıq keçmişdə qalıb”.

Köhnə komandası "Səbail”in son vaxtlar müşahidə edilən uğursuzluğundan sonra ora qayıda biləcəyi ilə bağlı söz-söhbətlər gəzən veteran futbolçu "Qış fasiləsində sizi hansısa komandanın baş məşqçisi kimi görə bilərikmi” sualını bu şəkildə cavablandırıb: 

"Mümüknüdür, hər şey ola bilər. Məşqçi işi elədir ki, gözləməlisən, daim "çamadan əhval-ruhiyyəsi”ndə olursan. Niyə də olmasın? Qış fasiləsinə yaxınlaşırıq. Nəsə olsa, bu ay baş verə bilər. Çünki yanvarda bütün komandalar qış hazırlıqarına başlayır. Olmasa da, narahatlığım yoxdur. Peşənin bu tərəfi də var. Hazırda işsizlik darıxdırıcı deyil, çünki dünya çempionatı var. Boşluq olanda, hansısa komandaya üz tutub təcrübə keçmək planlarım var. Mənim kimi PRO kateqoriyası olan, amma kənarda qalan bir çox məşqçilərimiz var. Bu normaldır. O deməkdir ki, komandaların sayı azdır. Ona görə də bir çox mütəxəssislər kənarda qalıb gözləməli olur”.

Hacıyev klubların durumuna da toxunub:

"Çox adam fikirlər səsləndirir ki, çempionat maraqlı keçir. Maraqlı olan odur ki, komandaların sayı artıb. Amma turnir cədvəlinə baxanda adam təəssüflənir. Artıq qış fasiləsinə qədər, demək olar, mükafatçılar bəllidir. Böyük ölçüdə turnir cədvəlinin aşağılarında və ortalarında kimlərin mübarizə aparacağı bəllidir. Düşünürəm ki, bu, Premyer Liqanı bir qədər maraqsız edib. Gəncənin, Tovuzun çempionatda təmsil olunması hamımızı sevindirdi. Qış fasiləsinə qədər 2-3 tur var. Azərbaycan Kubokunda cavab görüşləri maraqlı keçəcək. Klublara gəlincə, "Şamaxı”nı qeyd etmək lazımdır. Yerli futbolçularla gözləniləndən daha yaxşısını etdilər. Hamı düşünürdü ki, xal fərqi ilə sonuncu pillədə qalacaq. "Turan Tovuz” ən azı ik "beşliy”ə daxil olmağa çalışır. Onlardan bu nəticəni gözləyənlərin sayı az idi. Digərləri haqda da fikir bildirmək olar. Turnir cədvəli sanki iki hissəyə bölünüb, ilk və ikinci "beşlik”. Bu, yaxşı hal deyil. Çempionatın yarısında suallara böyük ölçüdə cavab gətirilib”.

"Neftçi”nin "Qarabağ”a 0:4 hesabı ilə məğlub olmasından sonra çempionluğun taleyinin böyük ölçüdə həll olunduğu ilə bağlı sualı mütəxəssis belə cavablandırıb:

"Qış fasiləsinə qədər hələ iki tur qalıb. Dediyiniz mübarizə böyük ölçüdə həllini tapa bilər. Təsəvvür edin, xal fərqləri böyüsə, 4-cü dövrənin oyunları maraqsız keçəcək. Bir çoxları çempionatın maraqlı keçdiyini deyir. Amma bizi qarşıdakı dövrələrdə çox maraqsız oyunlar gözləyə bilər. "Qarabağ” 20-30 xal irəli gedərsə, "Sabah”la aradakı xal fərqi böyüyərsə, çempionluğun taleyi böyük ölçüdə həll olunacaq, ikinci yer müəyyənləşəcək. Bəlkə üç və dördüncü yerlər uğrunda mübarizədə intriqa saxlanıla bilər. Son iki oyun intriqanı daha da gərginləşdirə bilər. Ümumilikdə, zənnimcə, 4-cü dövrə ən maraqsızlardan ola bilər. Belə davamiyyətlə çempionluğun taleyinin əvvəlcədən rəsmiləşməsi mümkünüdür”.

Keçmiş futbolçu Premyer Liqada heç nəyə təəccüblənmədiyini deyib:

"Komandaların nəticələrində böyük təəccübləndirici nəsə yoxdur. "Şamaxı” daha pis duruma düşə bilərdi, amma göstərdilər ki, belə deyil, biz də mübarizə apara bilərik. Bəzi iddialı olacağını gözlədiyimiz komandaların iddiasının zəiflədiyi görünür. Bir qədər gözləmək lazımdır. Bəlkə qış fasiləsində kimlərsə güclənər və mübarizəyə qoşular. Bununla belə yenə gec olacağını düşünürəm. Çünki ilk "beşlik”dəkilər xal fərqini çox böyüdüb”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->