Bu gün "Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsndə ilk matçına çıxacaq. Ağdam klubu Bakıda Çexiya təmsilçisi "Viktoriya” ilə qarşılaşacaq. "Qarabağ”ın sabiq məşqçisi və futbolçusu Aftandil Hacıyev bu oyunla bağlı düşüncələrini bölüşüb, komandanın şanslarını dəyərləndirib.
Hacıyev Qaynarinfo-ya açıqlamasında karyerası və qarşıdakı planları haqda sualı da cavablandırıb:
"Staistikaya baxsaq, səhv etmirəmsə, "Viktoriya” 8 oyundur uduzmur. Komandanın pley-offa təsadüfən gəldiyini demək olmaz. Bir dəfə qarşılaşıblar, "Qarabağ” iki oyunun hesabına görə məğlub olub. Qarşıdakı iki oyun hər iki komanda üçün çox gərgin keçəcək. Ancaq indiki "Qarabağ” illər əvvəl "Viktoriya” ilə oynayan komanda deyil. Çox fərq var, bir çox aspektlərdə inkişaf olub. Oyun planında irəliləyişlər sezilir. İnanıram ki, cütün qalibi "Qarabağ” olacaq. "Viktoriya” da asanlıqla təslim olacaq komanda deyil. Doğma azarkeşlər qarşısında bu gün "Qarabağ” üstün tərəf olacaq, amma cütün taleyi düşünürəm ki, cavab görüşünə qalacaq. Pley-off mərhələsidir deyə, rəqib çox diqqətli oynayacaq. Qapanacaqlarsa da, bolqollu oyun izləyə bilməyəcəyimizi düşünürəm”.
Mütəxəssis heyətləri müqayisə də edib:
"Son vaxtlar "Viktoriya”nın oyunlarını görməmişəm. Ardıcıl neçə ildir qruplarda oynaması, komandanın səviyyəsindən xəbər verir. Pley-off mərhələsinə də hər komanda gəlib çata bilmir. Səviyyə baxımından asan rəqib deyil. Təbii ki, qrand rəqib də saymaq olmaz. "Qarabağ”ın "dişinə” görədir. Bundan daha da güclüsü düşə bilərdi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlverişli rəqibdir. "Vktoriya”nın baş məşqçisi "Qarabağ”la deyil, "Ferentsvaroş”la qarşılşamağı arzulayırdı. Bütün hallarda onlar üçün də "Qarabağ” rahat rəqib deyil. Mübarizə aparacaqlar yəqin ki”.
Ötən gün məlum oldu ki, rəqib azarkeşlərə bilet satılmayacaq. Yəni Çexiya klubu Bakıda azarkeşsiz oynayacaq. Bəs bunun onlar üçün fərqi var ya yox?:
"Qarabağ”ın oyunlarında azarkeş dəstəyini hamımız hiss edirik. Elə səfər oyunlarında da görürük ki, azərbaycanlı azarkeşlərin sayı az olsa belə "Qarabağ” öz oyun üslubundan qopmur. Bütün hallarda futbolçular doğma azarkeşlər qarşısında daha həvəsli və istəkli oynayır. Bu təkcə rəqibə deyil, bütün komandalara aiddir. Dünən "Kopenhagen”lə "Trabzonspor”un oyununa baxanda görünürdü ki, futbolçu keyfiyyətləri baxımından "Trabzonspor” daha üstündür. Amma "Kopenhagen”in azarkeşləri elə ab-hava yaratdılar ki, bu, öz təsirini göstərdi və 49-cu dəqiqədə hesabda 2:0 irəli keçdilər. "Trabzonspor” oyununu tapandan sonra bir qol vurmağı bacardı. Yenə də qələbənin əsas səbəbkarı azarkeşlər oldu. Azarkeş amili çox təsir edir. Təbii ki, azarkeş az olanda komandada psixoloji baxımdan eniş hiss edilə bilər. Ümid edirəm bu rəqibdə baş verəcək”.
Hacıyev sabiq komandasının illər öncə elə məhz "Kopenhagen”in məğlubiyyətə uğradaraq Çempionlar Liqasının qrupuna vəsiqə qazanan heyətini hazırkı ilə müqayisə də etdi:
"Ağaşı-yuxarı oxşar komandalardır. "Kopenhagen” skandinaviya komandası olsa da çexiyalılar atletik baxımdan oxşar komanda olduqlarını göstərir. "Qarabağ” öz oyununu oynayacaq. "Kopenhagen”lə oyunda necə əzmkar oynayırdılarsa, inanırıq ki, "Viktoriya”ya qarşı da "Qarabağ” daha çox hücum edən tərəf olacaq. Bundan əvvəlki rəqibin həm reytinq, həm də oyunçu keyfiyyəti üstün olan bir çox oyunlarda da "Qarabağ” diktə edib. Ona görə də böyük fərqi yoxdur”.
Məşqçi karyerası ilə bağlı sualı belə cavablandırıb:
"Baş məşqçi kimi deyil, fərqli işlə bağlı təkliflər var. Amma mən gözləməyi məqsədəuyğun sayıram. Çünki karyeramı baş məşqçi kimi davam etdirmək istəyirəm. Gələcəkdə nə baş verəcəyini bilmək olmaz”.
Səbuhi Həsənov
Şərhlər