ABŞ Silahlı Qüvvələri İranın Xarq adasında onlarla hədəfə zərbə endirərək məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb.
ABŞ ordusunun İranın 90-dan çox hərbi obyektini uğurla vurduğu qeyd edilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.
SEPAH-ın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü cavab olaraq bildirib ki, İran Birləşmiş Ərəb Əmirliklərinin şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir. Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər:
"BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq".
İran parlamentinin deputatı Mənuçöhr Möttəki isə bildirib ki, ABŞ Xarq adasını ələ keçirməyə cəhd etsə, bölgədəki Amerika bazalarına helikopter hücumları olacaq. İranlı deputat qeyd edib ki, belə olacağı təqdirdə, İran ABŞ hərbçilərini əsir götürəcək:
"Əgər onlar belə bir addımı atmağa cəhd edərsə, biz niyə regiondakı bazalarına helikopterlərlə enib onların hərbçilərini əsir götürməyək?".
Bu arada, ABŞ-ın "Citigroup Inc." şirkətinə məxsus beynəlxalq "Citibank" bankının Dubay (BƏƏ) və Manamadakı (Bəhreyn) şöbələri pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb. Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Daha əvvəl "Citibank" İranın Qərb maliyyə təşkilatlarına zərbələr endirəcəyi barədə xəbərdarlığı ilə əlaqədar BƏƏ-dəki demək olar ki, bütün filiallarının müvəqqəti bağlanması haqqında məlumat vermişdi.
İsrail Hərbi Hava Qüvvələri isə İranın kosmik agentliyinin Tehranda yerləşən baş tədqiqat mərkəzinə zərbə endirərək, obyekti dağıdıb.
Bildirilir ki, bu mərkəzdə hərbi peyklər üzrə, o cümlədən müşahidə, kəşfiyyat məlumatlarının toplanması və bütün Yaxın Şərqdə hədəflərə atəş yönəltmə daxil olmaqla bir sıra vəzifələr üçün istifadə olunan strateji laboratoriyalar yerləşirdi. Həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi bir neçə obyekt də zərbələrə məruz qalıb.
Eyni zamanda, İran bəzi Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib. Bu barədə bu gün İranın Hindistandakı səfiri Məhəmməd Fətəli bildirib.
O, bunu qlobal enerji təchizatını pozan blokadaya dair istisna hal kimi dəyərləndirib. Səfir təhlükəsiz keçidi təmin ediləcək gəmilərin sayını açıqlamayıb.
Bu gün həmçinin Təbriz və Urmiyada partlayışlar baş verib. Səhər tezdən Təbrizdə güclü partlayışlar olub.
Şərqi Azərbaycan Valiliyinin yaydığı məlumata əsasən, səhər saatlarında Təbrizin ətrafındakı bir neçə hərbi mərkəzə zərbə endirilib. Bundan əlavə, Urmiya şəhərində də partlayışların baş verdiyi bildirilib.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təxliyə xəbərdarlığı edib. İsrail Müdafiə Qüvvələri (IDF) mülki şəxsləri dərhal hədəf alınacaq əraziləri tərk etməyə çağırıb və zərbələrin endiriləcəyi ərazilərin xəritəsini də yayımlayıb.
Şərhlər