ABŞ prezidenti Donald Trampın bu həftə Pekinə səfəri böyük ehtimalla məhdud nəticələr verib, lakin bu görüş Çin üçün açıq üstünlük nümayiş etdirib: ötənilki ticarət müharibəsinin ən sərt mərhələlərindən sonra tərəflər yenidən adi iqtisadi və strateji qarşıdurmaya qayıdıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazıb.
Jurnalistlərin sözlərinə görə, Tramp və Çin lideri Si Szinpin arasında keçirilən iki günlük danışıqlar göstərib ki, ABŞ prezidentinin "Azadlıq günü” çərçivəsində tariflər tətbiq etməsi və ötən ilin sonunda əldə edilən ticarət münasibətlərinin yumşaldılmasına baxmayaraq, Vaşinqton və Pekin hələ də Trampın ikinci prezidentlik müddətinə başladığı zaman miras aldığı qarşıdurma vəziyyətindədir.
"Birləşmiş Ştatlar üçün bu o deməkdir ki, Pekinin merkantilist ticarət siyasəti hesab edilən addımlarından tutmuş Hind-Sakit okean regionunda hərbi təsirini artırmaq cəhdlərinə qədər münasibətlərin ən narahatedici aspektləri əsasən həll olunmamış qalır”, deyə materialda vurğulanıb.
Eyni zamanda, Si üçün bu vəziyyət müəyyən nəfəs dərmək və daha proqnozlaşdırılan çağırışlara qayıdış deməkdir. Nəşr xatırladıb ki, Çin lideri bu həftə baş verən dəyişiklikləri ölkələr arasında münasibətlərin yeni konsepsiyası kimi xarakterizə edərək bunu "konstruktiv strateji sabitlik” adlandırıb.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çin üzrə eksperti Skott Kennedinin sözlərinə görə, Tramp administrasiyasının 2025-ci ilin əvvəlindən həyata keçirdiyi sərt ticarət siyasətindən geri çəkilməsi fonunda Çin qalib tərəf kimi görünür.
"Bir il əvvəl 145 faizlik tariflərin tətbiq olunduğu və ABŞ-ın həqiqətən Çinlə yanaşı bütün dünyanı köklü şəkildə dəyişməyə məcbur etməyə çalışdığı dövrlə müqayisədə indi əks proses baş verdi və biz yenidən sabitliyə qayıtdıq”, deyə o bildirib.
Bundan əlavə, görüş Çin tərəfindən ABŞ-yə İrandakı müharibənin dayandırılmasına yardım göstərilməsi ilə bağlı heç bir ictimai öhdəlik yaratmayıb. Həmin müharibə qlobal bazarları sarsıdıb və Trampın reytinqinə mənfi təsir göstərib.
"Sammit sabitlik nümayiş etdirdi, lakin çıxılmaz vəziyyəti dəyişmədən saxladı. Görüş yalnız məhdud, idarəolunan və təqdim oluna bilən nəticələr verdi ki, hazırda ABŞ-Çin münasibətlərinin bacardığı da məhz budur”, deyə Demokratiyaların Müdafiəsi Fondunun Çin üzrə eksperti Kreyq Sinqlton bildirib.
Ağ Ev nümayəndəsi isə vəziyyəti şərh edərkən vurğulayıb:
"Prezident Tramp Çin prezidenti Si ilə müsbət münasibətlərindən istifadə edərək Amerika xalqı üçün konkret nəticələr əldə edib”.
O, həmçinin "Boeing” təyyarələrinin satışı və ABŞ ixracını genişləndirməyə yönəlmiş kənd təsərrüfatı sazişlərini qeyd edib.
Analitiklərin fikrincə, ötənilki ticarət müharibəsi zamanı Tramp tariflərin Çini birtərəfli güzəştlərə məcbur etmək vasitəsi kimi gücünü çox qiymətləndirib. Pekin isə cavab olaraq öz tariflərini artırıb və ABŞ sənayesi üçün vacib olan kritik mineralların tədarükünü dayandırmaqla hədələyib ki, bu da gərgin qarşıdurmaya səbəb olub.
Öz növbəsində "Reuters” agentliyinin mənbəsi bildirib ki, sammit zamanı tərəflərdən heç biri ciddi əhəmiyyət daşıyan məsələləri müzakirəyə çıxarmayıb. Mənbənin sözlərinə görə, bəzi kommersiya razılaşmaları Si Cinpinin cavab səfəri ilə Ağ evə gedəcəyi payıza qədər təxirə salına bilər.
Bundan başqa, Pekin Renmin Universitetinin beynəlxalq münasibətlər professoru Tsuy Şoutszün vurğulayıb ki, Çin üçün bu görüşlər daha aydın rəqabət mərhələsinə keçid baxımından müsbət addım olub.
"Sammit göstərdi ki, Vaşinqton və Pekin artıq Çin-ABŞ münasibətlərini əməkdaşlığın qızıl dövrünə qaytarmağa çalışmırlar. Əksinə, onlar rəqabət və fikir ayrılıqlarının uzunmüddətli xarakterini qəbul edirlər”, deyə professor qeyd edib.
Eyni zamanda, "Le Monde” nəşri yazıb ki, Si Szinpin Trampın səfərindən ABŞ-nin zəifliyini nümayiş etdirmək üçün istifadə edib. Jurnalistlərin fikrincə, Pekin görüşdən istifadə edərək dünyaya göstərmək istəyib ki, Tramp administrasiyası ilə bağlı xarici siyasət böhranları fonunda Çin daha sabit və proqnozlaşdırılan güc kimi görünür.
Çinin xarici işlər naziri Van İ də etiraf edib ki, Tramp və Si görüş zamanı Ukrayna məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, mürəkkəb problemlərin sadə həlli yoxdur və sülh danışıqları "bir anda” yekunlaşa bilməz.
"Çin və ABŞ kommunikasiya əlaqələrini davam etdirməyə və böhranın siyasi həllində konstruktiv rol oynamağa hazırdır”, deyə nazir bildirib.
Aydın
Şərhlər