ABŞ Prezidenti Donald Tramp Rusiyanın neft sektoruna qarşı tətbiq edilmiş yeni sərt sanksiyaların tam icrasını təmin etməyə qərarlıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Bloomberg"ə müsahibəsində
bildirib.
Onun sözlərinə görə, bu addım Rusiya prezidenti Vladimir Putini Ukraynadakı müharibənin bitməsi ilə bağlı danışıqlara məcbur etmək məqsədi daşıyır.
"Biz bu sanksiyaları tətbiq etdik və onların icrasına nail olacağıq”, deyə Uitaker deyib.
Xəbərdə qeyd olunur ki, sanksiyaların elanından sonra neftin qiymətləri artsa da, bazarın reaksiyası ehtiyatlı olub. Bunun səbəbi Ağ Evin bu sanksiyaların icrasına nə dərəcədə ciddi yanaşacağına dair qeyri-müəyyənlikdir — çünki Rusiya müharibənin ilk günlərindən bəri sərt sanksiyalarla üzləşib.
"Bəlkə də məhz bu addım Putini danışıqlar masasına əyləşdirəcək və müharibəyə son qoymağa imkan verəcək — heç olmasa atəşkəslə başlayaraq, yekun sülh razılaşmasına doğru”, deyə səfir əlavə edib.
Uitakerin sözlərinə görə, bu, yalnız başlanğıcdır:
"Prezident Tramp bütün üstünlükləri əlində saxlayır – və bu, onların sadəcə birincisidir. Onun hələ çox addımları olacaq”.
Xatırladaq ki, ötən həftə ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətləri – "Rosneft” və "Lukoil”i qara siyahıya salıb. Bu addım Moskvaya müharibəni davam etdirmək üçün lazım olan gəlirlərdən məhrum etməklə onu dayandırmağa yönəlib. Bu, Trampın prezidentliyə başlamasından sonra Rusiyaya qarşı tətbiq olunan ilk böyük maliyyə sanksiyaları paketidir.
Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe isə bəyan edib ki, ABŞ hökuməti Almaniyada fəaliyyət göstərən "Rosneft” şirkətlərinin yeni enerji sanksiyalarından azad ediləcəyi barədə yazılı təminat verib.
Alpər
Şərhlər