Dünən, noyabrın 30-da axşam saatlarında Montana ştatının dairə məhkəməsi bu ştatın hakimiyyət orqanlarının 2024-cü il yanvarın 1-dən Montanada "TikTok" tətbiqindən istifadəyə tam qadağa qoyulmasına dair qərarını bloklayıb. Məhkəmənin qərarı "TikTok"un ABŞ bölməsinin may ayında dövlət orqanlarına qarşı qaldırdığı iddia üzrə qəbul edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
Montana ştatı "TikTok"a tam qadağa qoyan ilk ABŞ ştatı olub, müvafiq fərmanı mayın əvvəlində respublikaçı qubernator Qreq Canforte imzalayıb.
"Mən "TikTok"u montanalıların məxfiliyini Çin Kommunist Partiyasından qorumaq üçün qadağan etdim”, deyə həmin vaxt qubernator fərmanı imzalayərkən deyib.
Hakim Donald Molloy qərarını izah edərək qeyd edib ki, "TikTok"un bloklanması iddiaçının ABŞ Konstitusiyasının Birinci düzəlişində (söz azadlığı hüququ-red.) nəzərdə tutulan hüquqlarını pozur və eyni zamanda bir çox insanı gəlirdən məhrum edəcək.
Hökuməti məhkəmədə təmsil edən Montana prokurorları qərarla razılaşmadıqlarını bildiriblər və onu "ilkin qərar" adlandırıblar. Onlar bu qərardan hansı formada şikayət edəcəklərini hələlik açıqlamayıblar.
"Biz dövlətin hərəkətlərinin Çin Kommunist Partiyası tərəfindən Montana sakinlərinin məlumatlarını əldə etmək və istifadə etməkdən qorumaq məqsədi daşıdığına dair hüquqi sübut təqdim etmək niyyətindəyik", deyə prokurorluğun nümayənfəsi Emili Kantrell bildirib.
Qeyd edək ki, ABŞ-da ilk "TikTok" qadağaları 2020-ci ildə o vaxtkı prezident Donald Trampın dövründə başlayıb. Əvvəlcə ABŞ ordusu və Hərbi-Dəniz Qüvvələri bu tətbiqin rəsmi cihazlarda istifadəsini qadağan edib. Tramp administrasiyası federal qadağa tətbiq etməyə çalışıb, lakin "TikTok"un başlatdığı məhkəmə prosesləri bunun qarşısını ala bilib.
Prezident Co Bayden seçildikdən sonra onun administrasiyası bu proqramın dövlət işçilərinin rəsmi cihazlarında istifadəsini qadağan edən sərəncam imzalayıb, bundan sonra ABŞ-ın 34 ştatı yerli məmurlar üçün oxşar qadağalar qəbul edib.
Nizami Bağırov
Şərhlər