Xəbər lenti

5 gün “Qalatasaray” düşərgəsində: Aftandil Hacıyevin səfər təəssüratları (MÜSAHİBƏ)
İdman 14:58 05.10.2022

5 gün “Qalatasaray” düşərgəsində: Aftandil Hacıyevin səfər təəssüratları (MÜSAHİBƏ)

"Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev Türkiyədən qayıdıb. Bir neçə gün "Qalatasaray”ın bazasında olan, orada tanınmış məşqçilərlə görüşən mütəxəssis Bakıya xeyli təəssüratlarla gəlib. Hacıyevdən Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyə klubunun düşərgəsinə səfəri haqda fikirlərini öyrəndik.

Qaynarinfo-ya müsahibəsində millimizdən də danışan məşqçi sabiq klubu "Qarabağ”ın Avroliqada şanslarını dəyərləndirib.

- "Qalatasaray”a səfər necə baş tutdu, hansı təəssüratlarla qayıtdınız?
 


- Menecerlər vasitəsilə təklif olundu. Mən də hazırda boşda qaldığım üçün yaxşı fürsət kimi dəyərləndirmək istədim. "Qalatasaray”da beş gün oldum. Bir gün də Pirlo ilə görüşdük. Təəssüratlarıma gəlincə, "Qalatasaray”ı klub kimi yaxından tanımağı həmişə arzulamışam. Hansı baş məşqçinin çalışmasından asılı olmayaraq, klubu hətta türk dünyasının milli komandası da adlandırmaq olar. Türk dünyasının uğur qazanan klublarındandır. Xoş təəssüratlarla ayrıldım. İlk gündən məni isti qarşıladılar. Baş məşqçi Okan Buruk, idman direktoru Cenk Ergün, futbolçular, texniki heyətlə birlikdə oldum. Özümü orada yad hiss etmədim. Komandanın bir üzvü kimi məşqlərdə, bazada gedən proseslərdə yaxından iştirak etdim. Okan Buruk haqda xüsusi danışmaq istəyərdim, həqiqətən sadə insan, futbolçuların dostudur. Seçdiyi məşq metodu bəyəndiyim yanaşmalardan idi. Həm ona, həm klub rəhbərliyinə həm də menecerlərə xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, belə bir görüş təşkil olundu. Klubun bazası geniş əraziyə sahib, İstanbulun ən gözəl yerlərindən olan Floriya təsislərində yerləşir. Hətta "Qalatasaray”ın basketbol komandası və akademiyaları da həmin ərazidədir. Eləcə də akademiyanın məşqçiləri və koordinatoru ilə görüşdük. Geniş informasiya topladım. Okanla onun köməkçiləri - aralarında Qarsiya adlı ispan mütəxəssis də var idi -  xeyli söhbətlərimiz oldu. 

- Pirlo ilə nələri müzakirə etdiniz?
 
- Maraqlı gün oldu. Məşq günü idi, ayaqüstü 10 dəqiqə söhbətimiz oldu. Geniş söhbət etməyə imkan olmadı. Buna ehtiyac da qalmadı, çünki "Fatih Karagümrük”ün bazası hələ ki, müasir deyil. Yalnız məşq yerləri, ofisləri və paltardəyişmə otaqları var. Superliqada çıxış edirlər, amma kifayət qədər adlı-sanlı futbolçuları var. Canəri transfer ediblər, Diqneni "Qalatasaray”dan götürüblər. Yaxşı legionerləri var. İtalyan qapıçı gətiriblər. Pirlonun ilk sualı De Byazi haqda oldu. Ümumi müzakrələr apardıq, İtaliya millisinin Azərbaycana qarşı oyunlarını, nəticələrini yada saldıq. Ümumi təəsüratlarım müsbət idi. Pirlo daha çox həftəiçi taktiki məşqlər keçir. Okan isə həm taktiki, həm də kondisiya məşqləri keçir, futbolçularla fərdi söhbətləri çox olur. Bu da normaldır, "Qalatasaray”ın şəraiti, hədəfləri "Fatih Karagümrük”dən fərqlidir. Ona görə də iş prosesi daha genişdir. "Fatih Karagümrük” isə yeni klubdur, gələcəklə bağlı layihələri var. Yeni stadion tikmək istəyirlər. 

- "Fatih Karagümrük”ün nəticələri də yaxşı deyil və Pirlonun gedib-qalmaq məsələsi Türkiyə mətbuatında müzakirə olunur…

- Onların idman direktoru Murat Akınla danışdım. Onsuz da hazırda klubun qarşısına böyük hədəflər, ilk sıralarda yer tutmaq məqsədi qoyulmayıb. Klubda hansı yerlər uğrunda mübarizə aparacaqlarını bilirlər və nəticə tələb etmirlər. İdman direktoru 8-ci yerin onlar üçün uğurlu hesab olunduğunu deyir. 6-cı yer isə lap əladır. Konfrans Liqasına vəsiqə qazanmaları onlar üçün fantastik bir durum olar. Qarşılarına güc və imkanlarına görə hədəf qoyurlar. Bizdə isə sonuncu pillədə olan klub Avroliqa uğrunda mübarizə aparmaq istəyir. Maraqlı görüşlər oldu. Pirlo və Okan haqda da müsbət fikirdəyəm. 

- Görüşdüyünüz insanların, xüsusən də Pirlonun Azərbaycan futbolu haqda düşüncələri necədir?
 


- Hər iki məşqçi ilk növbədə "Qarabağ” haqda soruşdu. Komandanın uğurları artıq dünyaya səs salıb. Xəbərdardırlar, izləyirlər. Bu uğuru necə qazandıqlarını soruşdular. Təbii ki, burada Qurban Qurbanov amilini hər kəs önə çəkir. Futbolçuların gözəl vəhdətini yaratdığını qeyd etdim. Millimiz haqda çox məlumatlı olmasalar da, De Byazinin ölkəmizdə çalışdığından xəbərdardırlar. Daha çox "Qarabağ”ın nəticələri haqda məlumatlıdırlar. 

- Türkiyəyə yollanmağınız məşqçilik kursları ilə əlaqədar idi?

- Xeyr, məşqçi kursları ilə əlaqədar deyildi. Sadəcə, boşluqdan yararlanmağa çalışdım. Şansı əldən vermək istəmədim. Kateqoriyamı pandemiya vaxtı, 2021-ci ildə yeniləmişəm. 

- Məşq proseslərində yaxından iştirak etdiyinizi dediniz. Azərbaycanlı məşqçilərin məşqləri ilə onlarınkı arasında hansı fərqlər var?
 


- Məşqlərdə deməzdim hər hansı ciddi fərqlər var. Amma oyunçu keyfiyyətləri fərqlidir. Türkiyə Superliqasına cəlb olunan futbolçuların keyfiyyəti yüksəkdir. Bizim məşqçilər ciddi şəkildə geri qalmırlar. Müasir futbolun sirlərindən xəbərdardırlar. Məşqlərin şəklində hər hansı bir yenilik görə bilərsən, amma ümumilikdə həftəlik proseslərdə aşağı-yuxarı müəyyən oxşarlıqlar var. 

-  Azərbaycan Premyer Liqasının ötən turunda baş tutan "Qarabağ” - "Neftçi” matçını izləmək imkanınız oldu?

- "Neftçi” heç də zəif təsir bağışlamadı. İlk qolu da vurdular. Belə bir təəssürat yarandı ki, sona qədər rəqabət gedəcək. Amma ikinci hissədə bu mübarizənin mövsümün sonuna qədər davam edib-etməyəcəyi sual doğurdu. Çünki "Qarabağ” rəqibini bütün komponentlərdə üstələdi. "Neftçi”də yenilənmə prosesi gedir. Bəlkə bu amil onların "Qarabağ”la mübarizə aparmasına tam hazır olmamasından xəbər verir. İrəliləyən dövrlərdə bəlkə də "Neftçi” rəqabətə daha yaxın ola bilər. "Qarabağ” isə dördgündənbir futbol oynamağa alışıb. Futbolçular dinamikanı, oyun üslublarını qoruyub saxlayırlar. Uğurlar oturuşmuş sistemlə əlaqədardır. Çempionluğa iki namizədin qarşıdurması idi. Hələ ki "Qarabağ”a rəqabət yaradacaq komanda olduğunu düşünmürəm. Ancaq çempionat uzundur, "Qarabağ”ın Avroliqa oyunları var. Buna baxmayaraq, mövsümün sonunda ciddi bir dəyişiklik görəcəyimizi düşünmürəm. Çünki "Qarabağ”ın hər oyunçusu əsas heyət üzvüdür. Çempionatda böyük addımlar atıblar, 6 xallıq fərq var. İlk dövrə üçün böyük fərqdir. 

- Premyer Liqada mübarizə baxımından hansısa fərqlər var?

- Belə mənzərə gözləyirdim. İlk "beşlik”də hansı komandaların qərarlaşacağı təxminən bəlli idi. İkinci "beşlik”də olan komandalar güc baxımından geri qalır. Onlardan hansısa ilk "beşliy”ə daxil olsa, bu uğur sayılacaq. Artıq xal fərqində də bu, hiss olunur.

- Qarşıdan "Qarabağ”ın "Olimpiakos”la matçı gəlir. Şanslar haqqında nə düşünürsünüz?

- Həm Avroliqada həm çempionatdakı son oyunu əhval-ruhiyyəni yaxşılaşdırıb. "Qarabağ” psixoloji baxımdan üstün durumdadır. Ancaq "Olimpiakos” səfəri fərqlidir. Çılğın azarkeşə sahib olan klubdur. Heyətinə kifayət qədər tanınmış futbolçular cəlb ediblər. "Qarabağ” "Nant”la oyunda diktə edə bilibsə, "Olimpiakos”la görüşdə də eyni oyunu göstərməsi mümkündür. "Frayburq”la oyunda olan təzyiq, "Qarabağ”ı Yunanıstanda da gözləyir. Düşünmürəm ki, "Qarabağ” "Olimpiakos”da oynayan hansısa ulduz futbolçunun üzərində təhlil aparsın. Biz bilmirik ki, Marselo və ya digərləri hazırda hansı durumdadır. Oynayıb-oynamayacaqları bəlli deyil. "Qarabağ” rəqibi ümumi təhlil edəcək. Hər hansı ulduzun bu matça təsiri olacağını düşünmürəm. Amma həm "Qarabağ” həm də bizim üçün maraqlı keçəcək. Marselonu "Qarabağ”a qarşı start heyətdə görmək maraqlı olardı. 

- Yığmamızın nəticələri haqqında nə deyə bilərsiniz? hansı dəyişikliklərə ehtiyac var?

- Yığmanın nəticələrinə əsasən turnirin sonluğunda diqqət yetirilir. Federasiya məşqçilərin qarşısına hansı hədəfləri qoyduğunu açıqlasa, daha dəqiq fikir bildirmək mümkündür. Uğur sayılırsa, məşqçi ilə davam etməyə məcburuq. Qrupdan çıxmaq məqsədi var idisə, bu baş verməyib. O zaman təbii ki, qərar fərqli ola bilər. Bəzən gələcəklə bağlı hədəflər qoyulur. Məqsədlərdən çox şey asılıdır. 

- Açıqlanan heyət müzakirələrə səbəb olmuşdu…

- Hər məşqçi gələndə dəyişiklik olur. Qara Qarayevin çağırılmaması təəccüb doğurur. Düşünməyin ki, De Byazinin yerinə başqa məşqçi gəlsə, sizin və ya mənin ağlımda olan heyəti dəvət edəcək. Hər zaman dəyişikliklər baş verəcək. Fikirlər üst-üstə düşməyə bilər. 

- Ümumiyyətlə, yığmanı çalışdıra biləcək səviyyədə yerli məşqçilərimiz yoxdur ki?

- Qısa desək, var. Sadəcə, güvənməmək məsələsi hardan yaranıb, bilmirəm. Əminliklə deyirəm ki, bu gün millini çalışdıra biləcək həm gənc, həm də təcrübəli yerli mütəxəssislər çoxdur. Milli hər kəs üçün qürur mənbəyidir. Dəvət olarsa, əlbəttə, canla-başla çalışarıq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->