Corat qəsəbəsində 200-dən çox ev su problemi yaşayır.
Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib.
Onların sözlərinə görə, Corat qəsəbəsi 2-ci məhəllə, Nərimanov, Liman, Əliağa Vahid və Hüseyn Arif küçələrində yerləşən evlər bir aydan çoxdur ki, su üzü görmür.
"Əvvəl bizim məhəlləyə Sumqayıq Şəhər Su Kanal İdarəsi baxırdı. Suyumuz da normal gəlirdi. Bir müddət əvvəl məhəlləni verdilər Bağlar Su Kanal İdarəsinə. Həmin vaxtdan su üzünə həsrətik. Gah gəlir, gah gəlmir. Bir də görürsən günlərlə su olmur”, deyə sakinlər bildirib.
Onlar məsələ ilə əlaqədar "Azərsu” rəhbərliyinə müraciət etmək niyyətindədirlər:
"Düşünürük ki, "Azərsu”nun rəhbərliyinə müraciət edək. Xahiş edək ki, yenidən məhəlləyə Sumqayıt Şəhər Su Kanal İdarəsi baxsın. Başqa yolumuz yoxdur".
Sakinlər deyib ki, sözügedən idarə su qıtlığına aydınlıq gətrimir. Lakin idarənin əməkdaşlarından biri sakinlərə deyib ki, su qıtlığının səbəbi su itkisinin bu üsulla kompensasiya edilməsindən irəli gəlir.
"İdarənin əməkdaşlarından biri bizə deyib ki, su itkisi var. İdarənin rəhbərliyi də bu itkini kompensasiya etmək üçün bizim məhəlləyə suyu qrafiklə verir. Qrafik də odur ki, gün ərzində 1 saat su gələ, ya gəlməyə. Su itikisinin səbəbini də demirlər. Amma biz təxmin edirik ki, "itki” obyektlərə verilən suyun hesabına yaranır. İndi bunu bizi susuz salamaqla kompensasiya etmək istəyirlər. Biz elə sizin vasitənizsə "Azərsu” rəhbərliyinə müraciət edirik ki, bu problemin aradan qaldırılmasına yardım etsin”, deyə sakinlər vurğulayıb.
Seyid
Şərhlər