Xəbər lenti

“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyon manatı ötüb
Ekonomiks 12:15 09.10.2024

“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyon manatı ötüb

2024-cü ilin II rübündə "Ziraat Bank Azərbaycan”ın problemli kreditləri artmaqda davam edib. 

Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ilin əvvəlinə nisbətən II rübdə 37% və ya 6,2 milyon manat artaraq 23,1 milyon manata yüksəlib. 2024-cü ilin əvvəlində bu rəqəm 16,9 milyon manata bərabər olub.

Bu isə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisinin 4,3%-dən 5,4%-ə kimi artmasına təsir edib.

"Ziraat Bank Azərbaycan”ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 6,2 milyon manat artaraq ilin əvvəlindəki 16,9 milyon manatdan II rübdə 22,79 milyon manata kimi yüksəlib.

Bu dövrdə bankın problemli kreditlərinin cəmi 359 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ilin əvvəlinə nisbətən 13 dəfə çoxdur.  2024-cü ilin əvvəlində bu rəqəm cəmi 26,8 min manat təşkil edib.

Ümumilikdə bankın vaxtı ötmüş kreditləri isə 53 milyon manata çatıb ki, bu da ilk rübə nisbətən 2 dəfəyə yaxın çoxdur.

Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.

Xatırladaq  ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i "Ziraat Bank”a (Türkiyə), 0,01% - "Ziraat Texnoloji Şirkəti”nə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->