İyunda Rusiyanın emal sənayesi sektoru son üç ildən çox dövr ərzində ən sürətli şəkildə daralıb. Bu, istehsal həcminin, yeni sifarişlərin və məşğulluğun azalması fonunda baş verib.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, Rusiyanın istehsal sektorunda işgüzar aktivlik indeksini (PMI) ölçən S\&P Global göstəricisi may ayında 50,2 olduğu halda, iyunda 47,5-ə
düşüb.
Bu, yalnız bir aylıq artımdan sonra sektorun yenidən daralmasını göstərir. İndeksin bu qədər sürətlə enməsi sonuncu dəfə 2022-ci ilin martında – Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Qərbin sanksiyalar tətbiqindən sonra qeydə alınmışdı.
İstehsal ardıcıl olaraq dördüncü aydır ki, azalır. May ayında müşahidə edilən artımdan sonra yeni sifarişlərin sayı yenidən enməyə başlayıb.
"Yeni sifarişlərin azalmasını şirkətlər müştərilərin alıcılıq qabiliyyətinin zəifləməsi və tələbatın aşağı olması ilə izah edirlər”, – deyə S\&P Global bəyan edib.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləyə çəkdiyi böyük xərclər istehsal sektoruna qısamüddətli dəstək versə də, Qərb ölkələrinin Moskva ilə əməkdaşlıqdan imtinası nəticəsində bu sektor böyük zərbə alıb. Rusiya federal statistik məlumatlarına əsasən, ötən il sənaye artımı artıq yavaşımağa başlamışdı. İyunda yeni ixrac sifarişlərinin həcmi isə 2022-ci ilin noyabrından bəri ən sürətli tempdə azalıb.
"Sorğu iştirakçılarının sözlərinə görə, əlverişsiz valyuta məzənnələri Rusiyanın əsas ixrac bazarlarında rəqabət qabiliyyətinə mənfi təsir göstərib”, – deyə S\&P Global bildirib.
İşgüzar aktivliklə yanaşı məşğulluq səviyyəsi də azalıb. İstehsalçılar xərcləri azaltmağa başlayıblar. Bu, son üç ayda ikinci dəfə baş verir. Aprel 2022-dən bəri iş yerlərinin ixtisarı bu dəfə ən sürətli səviyyədə olub ki, bu da istehsal ehtiyaclarının azaldığını göstərir.
Zəif tələbat fonunda işgüzar əhval-ruhiyyə hələ də tarixi olaraq yüksək səviyyədə qalsa da, gələcəyə dair ümidlər zəifləyib. Yeni məhsul buraxılışlarına və tələbatın artacağına dair gözləntilərlə ümidlər qorunur. Lakin ümumi optimizm oktyabr 2022-dən bəri ən aşağı səviyyəyə düşüb. Bunun əsas səbəbi qlobal iqtisadi qeyri-müəyyənliklərdir.
Qeyd olunur ki, Rusiyanın iqtisadi resursları tükənmək üzrədir və ölkə tənəzzül həddinə yaxınlaşıb. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, artıq yeni iqtisadi inkişaf modelini düşünmək zamanıdır. İqtisadi inkişaf naziri Maksim Reşetnikov da bu fikri təsdiqləyərək qeyd edib ki, Rusiya iqtisadiyyatı rəsmi olaraq tənəzzül mərhələsinə keçə bilər.
Eyni zamanda Rusiya bank sektorundakı yüksək vəzifəli şəxslər ölkə iqtisadiyyatının perspektivlərinin daha da pisləşdiyini bildiriblər. Onların sözlərinə görə, növbəti 12 ay ərzində bank sistemində ciddi çöküş riski mövcuddur.
Alpər
Şərhlər