Ev işləri görmək kişilərin ömrünü 3 il uzadır. Bu barədə Niderlandın Rotterdam Universitetinin apardığı araşdırmada bildirilir. Tədqiqat 7 min kişi və qadının gündəlik fəaliyyətləri əsasında aparılıb.
Tədqiqat qrupunun rəhbəri, həkim Klodian Dhana bağ və əkinçiliklə məşğul olan kişilərin ömrünün 2,7 il uzandığını qeyd etsə də, bu halın qadınlara şamil olunmadığını vurğulayıb.
Azərbaycanda isə evdə iş görən kişilərə həmkarları tərəfindən bəzən mənfi yanaşılır, ev işlərinin yalnız qadına xas olduğu vurğulanır. Hətta belə kişilərin iş yerlərində və dost-tanış arasında lağa qoyulduğu hallar da olur.
Qadın və kişinin hüquqları bərabərdirsə, bəs ev işləri ailədə necə bölünməlidir?
Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ev işləri qadınla kişi arasında razılaşdırılmış şəkildə aparılmalıdır:
"Biz hələ bilmirik ki, bu araşdırma doğrudan da aparılıb, yoxsa feyk informasiya kimi istifadə olunur. Sanki feministlərin və gender adı ilə qadın hüquqlarını müdafiə edənlərin bir piar informasiyası kimidir. Ev və çöl işlərinə gəlincə, hesab edirəm ki, bunlar qadınla kişinin razılaşdırılmış əmək bölgüsü əsasında aparılmalıdır”.
Sosioloq qeyd edib ki, ev işi əmək bölgüsüdür və icbari xarakter daşımır:
"Yəni məcburiyyət yoxdur. Şübhəsiz ki, istər ev, istərsə də çöl işlərində qadın kişiyə, kişi isə qadına kömək edə bilər. Bu normaldır. Amma "bu qadının işidir" və ya "bu kişi işi olmalıdır"kimi məcburi yanaşma yoxdur. Çöl işi çətin olduğundan kişilər daha çox həmin işlərlə məşğul olurlar ki, həyat yoldaşları evdə daha təhlükəsiz və rahat olsunlar. Amma xaqanlıq dövründə belə deyildi — qadınlar daha çox çöl işləri ilə məşğul olurdular. Əmək bölgüsü dəyişdikdən sonra kişilər çöl, qadınlar isə ev işlərini icra etməyə başlayıblar”.
Üzeyir Şəfiyev hesab edir ki, bu məsələdə cəmiyyətin də rolu var:
"İkimərkəzli cəmiyyətlərdə ailənin maliyyə yükü əsasən kişilərin üzərində olduğundan kişilər çöl işləri ilə məşğul olub gəlir əldə edirlər, qadınlar isə ev təsərrüfatı, uşaqların tərbiyəsi və digər işlərlə məşğul olurlar. Ev işləri razılaşma əsasında olmalıdır, burada məcburiyyət yoxdur. Elə kişilər var ki, evdə həyat yoldaşlarına kömək edirlər. Hətta qadınların özləri də çöl işlərində ərlərinə dəstək olurlar. Burada qəlibləşmiş bölgü anlayışı yoxdur — hər kəs öz qabiliyyəti çərçivəsində iş tutur”.
Ev işlərinin ömrü uzatması məsələsinə gəlincə, sosioloq bununla razılaşdığını bildirib:
"Bəli, insan bekar qaldıqca, işləmədikcə xəstəliklər artır, depressiya və gərginlik yığılır. İnsan daim hərəkətdə olmalıdır. Pensiyaya çıxan şəxslərdə sürətli və qeyri-sağlam qocalma müşahidə olunur. Buna görə bir sıra ölkələrdə aktiv və sağlam qocalma layihələri tətbiq edilir. Azərbaycanda da bunun nümunələri var. Bu baxımdan insan daim işləməli, hətta xəstə olsa belə, hər gün müəyyən qədər hərəkət etməlidir”.
Bahar Rüstəmli
Şərhlər