Dünya üzrə ərçəng halları həyəcanverici şəkildə artır, lakin ümidverici inkişaflar da diqqət çəkir. Yeni nəsil ağıllı və canlı müalicələr sayəsində bəzi qan xərçəngi növləri artıq ölümcül olmaqdan çıxıb idarə olunan xəstəliklərə çevrilir. Bəs bu qabaqcıl müalicələr necə işləyir?
Qaynarinfo xəbər verir ki, "The Lancet"də dərc olunan genişmiqyaslı analiz 1990–2024 dövrünü əhatə edən araşdırmaların aşağı və orta gəlirli ölkələrdə yeni xərçəng diaqnozlarının və ölüm hallarının daha yüksək olduğunu göstərib.
Mütəxəssislər xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər dünya üzrə 30,5 milyon nəfərin xərçənglə üzləşəcəyi, 18,6 milyon insanın isə xəstəlik səbəbilə həyatını itirəcəyi gözlənilir. Avropada isə yaşlanan əhali və həyat tərzinə bağlı risk faktorları xərçəng hallarının artacağına işarə edir.
Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME) baş müəllifi Dr. Liza Fors bildirib: "Xərçəng dünya xəstəlik yükünə mühüm töhfə verməyə davam edir. Tədqiqatımız qarşıdakı onilliklərdə xüsusilə resursları məhdud ölkələrdə qeyri-proporsional artım yaşanacağını göstərir".
Leykoz və limfa kimi qan xərçənglərinin artmasına baxmayaraq, həm Azərbaycanda, həm də dünyada ölüm nisbətlərinin azalması və xəstələrin daha uzun yaşaması diqqət çəkir.
Hematologiya üzrə mütəxəssis Prof. Dr. Ali İrfan Emre Tekgündüz "Hurriyet"ə bildirib ki, artımın bir hissəsi real xəstəlik artımından, digər hissəsi isə diaqnostika üsullarının inkişafından qaynaqlanır. "Gen mutasiyası analizləri və molekulyar testlərdəki irəliləyişlər sayəsində keçmişdə ‘qan azlığı’ kimi ümumi ifadələrlə təsnif edilən bir çox hal bu gün dəqiq şəkildə diaqnozlana bilir", deyən Tekgündüz ABŞ-ın SEER məlumatlarının hematoloji xərçənglərin insidensində son illərdə əhəmiyyətli artım göstərdiyini deyib.
Prof. Dr. Tekgündüz genetik meyilliliklə yanaşı, ətraf mühit təsirləri, ömür uzunluğunun artması və immuniteti zəiflədən müalicələrin qan xərçəngi riskini yüksəltdiyini ifadə edib. Romatoloji və immunoloji xəstəliklər, eləcə də orqan köçürülməsindən sonra istifadə edilən immunitetbasdırıcı dərmanlar uzunmüddətli perspektivdə risk yaradır. Cəmiyyətin yaşlanması da hematoloji bədxassəli xəstəliklərin sayını artıran əsas amillərdəndir.
Mütəxəssis son illərdə axın sitometriyası, molekulyar testlər və yeni nəsil sekvensləşdirmənin (NGS) geniş istifadəyə girməsi ilə əlamət göstərməyən xəstələrdə belə erkən diaqnozun mümkün olduğunu deyib. Bu, həm halların sayını artırır, həm də erkən diaqnoz səbəbilə müalicə uğurunu yüksəldir.
Prof. Dr. Tekgündüz ölüm nisbətlərinin azalmasının arxasında hədəfə yönəlik dərmanlar, hüceyrə əsaslı müalicələr və sümük iliyi nəqlindəki texnoloji irəliləyişlərin dayandığını bildirib.
Dünya üzrə hematoloji xərçənglərə bağlı itirilən sağlam ömür illərinin təxminən 40 faiz azalması, həm sağ qalma müddətinin artdığını, həm də həyat keyfiyyətinin yüksəldiyini göstərir.
Qan xərçənglərinin sitogenetik və molekulyar cəhətdən olduqca müxtəlif olduğunu deyən Tekgündüz vurğulayıb:
"Hər xəstənin xərçəng hüceyrəsi ona məxsus molekulyar bir barmaq izi daşıyır. Buna görə də hər xəstənin müalicəyə verəcəyi cavab fərqlidir. Diaqnoz zamanı aparılan ətraflı analizlər sayəsində ‘hər kəsə eyni müalicə’ dövrü artıq sona çatıb".
Bu yanaşma tibb mühitində "fərdiləşdirilmiş müalicə” adlandırılır. Xüsusilə KML, KLL, APL və Philadelphia pozitiv ALL kimi alt qruplarda sağ qalma tarixi müqayisə olunmayacaq dərəcədə yüksəlib. Bir çox qan xərçəngi artıq ölümcül deyil, xroniki və idarəolunan vəziyyətə keçib.
Prof. Dr. Tekgündüz son illərdə tez-tez eşidilən "ağıllı dərman” və "canlı dərman” anlayışlarını belə izah edib:
- Ağıllı dərmanlar: xərçəng hüceyrələrindəki spesifik genetik dəyişiklikləri hədəfləyir, sağlam hüceyrələrə minimal ziyan verir. Mütəxəssis bu dərmanları xərçəngə yönəlmiş "nəzaətli raketlər”ə bənzədir.
- Canlı dərmanlar (CAR-T müalicəsi): xəstənin T-limfositlərinin genetik olaraq dəyişdirilərək xərçəngi tanıyacaq şəkildə proqramlanmasına əsaslanır. Hüceyrələr laboratoriyada çoxaldılıb xəstəyə geri verilir və beləliklə orqanizm xərçənglə aktiv şəkildə döyüşür.
Bu üsullar xüsusilə B hüceyrəli kəskin limfoblastik lösemi, B hüceyrəli limfomalar və multipl miyelomda böyük uğurlar gətirib. KML xəstələrində tirozin kinaz inhibitorları ilə 10 illik sağ qalma 90 faizə çatıb.
Son illərdə təsdiqlənən 167 dərmanın əhəmiyyətli qismi hematoloji xərçənglərdə tətbiq edilir. Bunların çoxu hədəfə yönəlik terapiyalar və immunoterapiyalardır. Bu dərmanlar hətta müqavimətli hallarda belə xərçəng hüceyrələrinin çoxalmasını dayandırır, apoptozu aktivləşdirir və immun sisteminin təsirini artırır.
Mütəxəssis vurğulayıb ki, leykoz və limfa artıq tək bir xəstəlik deyil, genetik olaraq çoxsaylı alt tiplərdən ibarət geniş bir spektrdir.
Bu ağıllı dərmanlara çıxış çətindir – nə edilə bilər?
Prof. Dr. Tekgündüz deyib:
- Yüksək maliyyət səbəbilə ağıllı dərmanlara çıxış bütün dünyada məhduddur.
- Problemin həlli üçün biosimilyar və jenerik dərmanların yerli istehsalı təşviq edilməli, klinik araşdırmalara qatılım artırılmalı, yeni dərmanların geri ödəmə prosesləri sürətləndirilməlidir.
- Geri ödəmədə əsas kriteriya xəstəyə qazandırılan bir illik keyfiyyətli ömür müddətinin maliyyətidir və bu dəyər çox zaman 30–40 min dollar civarındadır. Qısa müddətdə, lakin uzunmüddətli təsir göstərən müalicələrin daha sərfəli olduğu hesab edilir.
Aydın
Şərhlər