Xəbər lenti

Vaşinqton, Brüssel, Kiyev: Ukraynanın taleyi masada necə dəyişdi? (ŞƏRH)
Dünya 14:58 16.12.2025

Vaşinqton, Brüssel, Kiyev: Ukraynanın taleyi masada necə dəyişdi? (ŞƏRH)

"Berlindəki danışıqlar nəticə etibarı ilə Ukraynanın birmənalı olaraq əleyhinə olan sənədin nisbətən yumşaldığını göstərir”.  

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ, Avropa İttifaqı və Ukrayna nümayəndələrinin Berlində baş tutan danışıqlarının nəticələrini dəyərləndirərkən deyib. 

Politoloq bildirir ki, əsas açar məsələlərdə müəyyən irəşiləyişlər olsa da, ərazi məsələsi həll olunmamış qalır:

"Kiyevin NATO-dan imtina məsələsi Moskva üçün fundamental məsələdir. Ciddi təhlükəsizlik zəmanəti təmin olunarsa, Ukraynanın NATO-ya üzvlükdən imtina edəcəyinin mümkünlüyü bildirilib. Lakin Rusiyanın maraqlandıran əsas məsələlərdən biri ərazi məsələsi, xüsusən də Donbasın tam işğalı və bunun de-fakto və de-yure Kiyev, Brüssel və Vaşinqton tərəfindən tanınmasıdır. Bu isə qəbul olunacaq məsələ deyil”. 

Ekspert qeyd edir ki, Ukrayna ABŞ-ın sülh prosesində qalması, onu öz moderatorluğu ilə davam etdirməsində maraqlı görünür:

"Rusiyanın əsas məqsədlərindən biri sülhün baş tutmamasının səbəbkarı kimi Ukrayna və Avropanı günahkar çıxarmaqla onlarla ABŞ arasında gərginlik, fikir ayrılığı yaratmaq və Vaşinqtonun sülh prosesindən çəkilməsini təmin etməkdir. Rusiya Zelenskinin ölkədə Prezident seçkiləri keçirilməsi təklifinə razı olacağını da gözləmirdi. Ancaq Kiyev Putinin bu təxribat cəhdinin də qarşısını aldı. Zelenski atəşkəsin təmin olunduğu təqdirdə seçkilərə getməyə hazır olduğunu bəyan etdi”. 
 
 
 
Həmsöhbətimiz Zelenskinin ağıllı davranışla Rusiyanın digər arqumentlərini də zərrəsizləşdirdiyini dedi:

"Zelenski ərazi məsələsində bildirib ki, burada qərar verəcək tərəf xalqdır. Yəni ərazi məsələsini müzakirə etməyə etiraz etmir, amma onu da xalqın referendumuna buraxır. Belədə Rusiya anlayır ki, referendumun ortaya atılması Donbasın Moskvaya verilməsi yolunda ən böyük sədd olacaq. Ukrayna əhalisinin 74 faizi bunun əleyhinədir. Yalnız 12 faiz buna müsbət cavab verib. Yəni bu danışıqlar və ağıllı davranışlarla Rusiyanın arqumentləri bir-bir zərərsizləşdirilir.
Təhlükəsizlik təminatına gəldikdə, onun ABŞ Konqresində təsdiqləmək və imzalanıb, hüquqi sənədə çevrilməsilə təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulur. Yəni təhlükəsizlik təminatı Rusiya üçün ciddi anlamda çəkindirici olmalıdır”. 

Bu səbəblərdən politoloq düşünür ki, Berlin danışıqlarının Kiyev üçün nəticəsi hələlik müsbət anlamda dəyərləndirilə bilər:

"Amma bu hələ müharibənin bitməsi demək deyil, yeni mərhələnin başlanması deməkdir. Buna şərait yaradan da Rusiyanın ağır iqtisadi durumudur. Moskva artıq müharibəni maliyyələşdirə bilmir. Məhz çətin vəziyyətdə olması və ABŞ-ı öz əleyhinə çevirmək istəməməsi səbəbindən Moskva bu cür danışıqların aparılmasına razı olub. Amma Kremlin bu sənədə razı olacağı problemlidir. Onlar hər hansı bir təxribatla oyunu poza da bilərlər. Çünki Rusiyanın imperiya olmaq siyasəti yerinə yetirilməyib. Hər bir halda məsələyə optimist baxmıram. Ona görə ki, müharibənin davamlılığı həm də Putin hakimiyyətinin davamlılığına şərait yaradır”. 

Qeyd edək ki, Berlində ABŞ, Aİ və Ukrayna nümayəndələri arasında baş tutan danışıqlarda ilkin nəticələr əldə edilib, xüsusən də təhlükəsizlik zəmanəti məsələsində. Bu zəmanətlər Ukraynaya ABŞ və Avropa tərəfdən verilə bilər. 

Bu məsələyə toxunan Britaniyanın "The Telegraph" nəşrinin gəldiyi qənaətə görə, sülh danışıqlarının nəticə verməsinə baxmayaraq, Ukraynanın Rusiyaya qarşı müharibəsinin yaxın vaxtlarda sona çatacağı barədə danışmaq hələ çox erkəndir. 

Avropa liderlərinin birgə bəyanatında Ukraynanı dəstəkləyəcək çoxmillətli qüvvələrin yaradılması, gələcəkdən hərbi hücumlara qarşı hüquqi tədbirlər, Ukraynanın Avropa İttifaqına inteqrasiyası və ordusunun gücləndirilməsi kimi təkliflər yer alıb. 

Sülhü təmin edəcək mexanizm olaraq ABŞ tərəfindən atəşkəsin monitorinqi və müşahidəsi mexanizmi də müzakirə edilir. 

İşğal olunmuş torpaqlar məsələsi isə hələlik öz həllini tapmayıb. Zelenski bu məsələnin həllini Ukrayna xalqının öhdəsinə buraxıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->