"Rusiya tərəfindən Ukraynaya qarşı başlanmış genişmiqyaslı işğal əgər ABŞ və onun müttəfiqləri müharibənin əvvəlindən Ukraynaya zəruri silahları versəydi, dayandırıla bilərdi".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Ralf Qoff "The Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əvəzində, Vaşinqton Ukraynaya yalnız mübarizə aparmağa yetəcək qədər silah göndərib - ancaq qalib gəlməyə imkan verəcək qədər yox:
"Əgər biz o vaxt ukraynalılara uyğun silah versəydik, onlar rusları ölkədən çıxara bilərdilər. Bu baş vermədi. Bu da bizi bu gün şahidi olduğumuz daha uzun, tükəndirici müharibəyə gətirib çıxardı".
O qeyd edib ki, prezident Co Bayden və müttəfiqləri Vladimir Putinə münaqişənin şərtlərini diktə etməyə imkan veriblər və Rusiya liderinin məğlubiyyətə yaxınlaşacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyi qorxusu ilə Ukraynaya lazımi texnikanı vaxtında göndərməkdən çəkiniblər.
"Onlar Putinin nüvə təhdidlərinə aldandılar. Buna görə də ukraynalılara silah versələr də, heç vaxt qalib gəlməyə yetəcək qədər vermədilər. Yalnız qan içində qalacaq qədər verdilər", deyə Qoff vurğulayıb.
Qoffun fikrincə, Trampın strategiyası çox güman ritorikanı yumşaltmaq və Putinə yaltaqlanmaq olacaq ki, onu Çindən uzaqlaşdırsın. O bildirib ki, Putin keçmiş kəşfiyyatçı kimi Trampı manipulyasiya edə biləcəyini düşünür, lakin nəticədə ağır səhv edəcək:
"Nəticədə Putin problemin harada olduğunu göstərəcək. Problem Kiyevdə yox, Moskvadadır".
Əgər yaxın vaxtlarda razılaşma əldə olunmasa, Qoffun sözlərinə görə, bir ukraynalı rəsmisi ona deyib ki, yay sonuna qədər cəbhə xətti 20–50 kilometrlik "ölüm zonası"na çevriləcək:
"Orada hərəkət etmək mümkün olmayacaq, çünki hava dronlarla, yer isə robotlar, sensorlar və minalarla dolu olacaq".
Xatırladaq ki, bu həftə Tramp administrasiyasının ilk dəfə Ukraynaya 50 milyon dollar dəyərində silah satışına razılıq verdiyi məlum olub.
Ekspertlərin fikrincə, məbləğ kiçik olsa da, Trampın prezidentliyi dövründə ilk dəfə belə bir razılığın əldə olunması özü müsbət siqnaldır.
Bundan əlavə, ABŞ Dövlət Departamenti Ukraynaya F-16 təyyarələri üçün təlim və texniki dəstək, eləcə də əlavə avadanlıqların 310,5 milyon dollar dəyərində satışını da təsdiqləyib.
Alpər
Şərhlər