ABŞ-ın seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı genişmiqyaslı vədlər verərək, Ukraynada müharibəni vəzifəyə başlamazdan əvvəl dayandıracağını və ABŞ iqtisadiyyatını tariflərlə gücləndirəcəyini bəyan etmişdi. Lakin noyabr seçkilərində qələbəsindən sonra Tramp bu vədləri yerinə yetirməyin gözləniləndən daha çətin ola biləcəyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" yazıb.
Ukrayna məsələsi və müharibə
Tramp dəfələrlə Rusiya ilə Ukrayna arasındakı münaqişəni qısa müddət ərzində həll edəcəyini bildirib. Sentyabr debatlarında o, müharibənin rəsmi prezident olmağa qədər yekunlaşa biləcəyini qeyd etmişdi. Ancaq sonrakı bəyanatlarında Tramp Ukrayna ilə bağlı vəziyyəti həll etməyin, Yaxın Şərqdəki gərginliyi azaltmaqdan daha çətin olacağını vurğulayıb.
Mar-a-Laqodakı mətbuat konfransında Tramp münaqişənin həllinin Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinin kompromislərə hazır olmasından asılı olduğunu bildirib. Bununla belə, o, tərəflərin hansı güzəştlərə getməli olduqları barədə açıqlama verməyib.
Ukrayna prezidenti Volodimir Zelenski "Fox News"a verdiyi müsahibədə Trampın Putinə təsir etməsinin "asan" olacağını söyləyib. "O, güclüdür. ABŞ daha güclüdür. İqtisadiyyat daha güclüdür", deyə Zelenski qeyd edib.
İqtisadi vədlər və tariflər
Trampın əsas vədlərindən biri ərzaq qiymətlərini enerji təminatını artırmaqla azaltmaq idi. O, Bayden administrasiyasını yüksək inflyasiya ilə əlaqədar tənqid edərək, qiymətlərin aşağı salınmasının əsas prioritetlərindən biri olacağını bəyan etmişdi.
Lakin son müsahibələrində Tramp bu məsələdə daha ehtiyatlı danışıb. "Time" jurnalına verdiyi açıqlamada o, "Qiymətləri enişə gətirmək, xüsusilə onlar artıq qalxıbsa, çox çətindir", deyib.
Demokratlar Trampı prezidentliyə başlamazdan əvvəl verdiyi vədləri pozmaqda ittiham ediblər. Senator Elizabet Uorren "X" platformasında yazıb: "Namizəd Tramp ərzaq qiymətlərini aşağı salacağını söz verdi, amma indi görünür ki, cəhd etməyə belə hazır deyil".
Ukrayna və iqtisadiyyatla bağlı cəsarətli bəyanatlara baxmayaraq, Trampın bu vədləri reallaşdırmasında ciddi maneələr var. Tənqidçilər qeyd edirlər ki, onun seçkiqabağı ritorikası real siyasətdən fərqli ola bilər.
Trampın "sülh planı": nə məlumdur?
"UNİAN"ın məlumatına görə, Qərb mətbuatı Trampın sülh planının Ukraynanın NATO-ya üzvlüyündən 20 il müddətinə imtina etməsini və cəbhə xəttinin dondurulmasını nəzərdə tutduğunu yazır. Lakin planın ərazi qaytarılmasını nəzərdə tutmadığı bildirilir. Mənbələr qeyd edir ki, Tramp hələ Vladimir Putini və Volodimir Zelenskini danışıqlar masasına oturtmaq yollarını bilmir.
Geosiyasi araşdırmalar üzrə ekspert Mixail Samus hesab edir ki, Tramp Putin və Zelenski ilə iki ayrı memorandum imzalaya bilər. O əlavə edib ki, Tramp münaqişəni tam həll edə bilməyəcəyi üçün dondurmağa çalışacaq.
Ukraynanın ABŞ-dakı keçmiş səfiri Oleq Şamşur bildirib ki, Trampın sülh planının əsas elementləri barədə yalnız təxminlər yürütmək mümkündür. "Açığını deyim, bildiklərimiz optimizm yaratmır, əksinə, dərin bədbinlik yaradır", deyə o vurğulayıb.
Aydın
Şərhlər