Xəbər lenti

Tramp-Zelenski görüşü Putinə müharibəni davam etdirmək üçün
Dünya 11:31 19.10.2025

Tramp-Zelenski görüşü Putinə müharibəni davam etdirmək üçün "yaşıl işıq" yandırdı - "Forbes"

Cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüşüb. 

Qaynarinfo "Forbes"ə istinadən xəbər verir ki, sammitdən sonra Zelenski jurnalistlərə verdiyi açıqlamada deyib: "Tramp ilə bir-birimizi anlamağa başladığımızı düşünürəm".

Lakin bu görüş Ukraynaya "Tomahawk” qanadlı raketlərinin tədarükünə gətirib çıxarmayıb.

Jurnalın məlumatına görə, Tramp Ukraynaya "Tomahawk” raketləri verilməyəcəyini açıq şəkildə bildirməsə də, ukraynalılar cümə günü Ağ Evə səfərdən sonra yeni müdafiə silahı və texniki imkanlar əldə etmədiklərinə görə məyus olublar. Nəticədə, Ukrayna ordusu Rusiya işğalına qarşı müdafiəsini mövcud imkanlar və arsenal hesabına davam etdirməyə məcbur qalacaq.

"Forbes" qeyd edir ki, Tramp müharibəni dayandırmaq üçün vasitəçi olmağa çalışsa da, bu təşəbbüslər davamlı sülh yaratmaqla nəticələnməyib. Rusiya lideri Vladimir Putin Trampın irəli sürdüyü çoxsaylı ultimatumlara məhəl qoymayıb və sülh danışıqları dalana dirənib.

Nəşr yazır: "Əksinə, Rusiya bütün Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və raket zərbələri endirməyə davam edib. Bu isə Moskvanın müharibəni de-eskalasiya etmək deyil, daha da genişləndirmək niyyətində olduğunu göstərir".

Bundan əvvəl "The New York Times" yazmışdı ki, Putin "Rusiyanın döyüş meydanında üstünlüyünün artdığına” inanır. O, həmçinin "Ukraynanın müdafiəsinin qarşıdakı aylarda çökmə ehtimalı” olduğunu düşünür. Putin dəfələrlə bəyan edib ki, "Ukraynadan əhəmiyyətli güzəştlər almadan” işğalı dayandırmayacaq.

"Bu inamlar fonunda Rusiya prezidentinin atəşkəsə və ya sülh razılaşmasına könüllü şəkildə razılaşması inandırıcı görünmür, çünki o, Zelenski və Ukrayna üzərində üstünlüyə malik olduğunu hesab edir. Nəticədə Putin Rusiyanın bu müharibəni uda biləcəyinə inanaraq işğalı davam etdirməkdə maraqlıdır", deyə "Forbes" yazır.

Son səkkiz ay ərzində ABŞ prezidenti dəfələrlə Rusiyaya ultimatumlar versə də, bu təhdidləri yerinə yetirməyib. Üstəlik, Tramp mart və iyul aylarında Ukraynaya silah tədarükünü dayandırıb. Nəticə etibarilə, ABŞ Ukraynaya özünü müdafiə etməyə və eyni zamanda Rusiya hərbi obyektlərinə zərbə endirməyə imkan verəcək yeni növ silah yardımı göstərməmək qərarına gəlib.

"Beləliklə, Putin anlayır ki, Ukraynanın Rusiya işğalına qarşı durmaq üçün lazımi silah və texniki imkanları olmayacaq. Bunun nəticəsində Rusiya üçün müharibəni dayandırmaq üçün heç bir stimul yoxdur və Moskva atəşkəs razılaşmalarına əməl etməyə və ya sülh danışıqları aparmağa ehtiyac görmür. Bu səbəbdən də Rusiya işğalı davam edir", deyə "Forbes" qeyd edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->