Xəbər lenti

Tramp yeni anons verdi: “Cümə günü İstanbula gedə bilərəm”
Dünya 12:17 15.05.2025

Tramp yeni anons verdi: “Cümə günü İstanbula gedə bilərəm”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda iştirak etmək üçün 16 may, cümə günü İstanbula getməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

"Mən dedim ki, əgər mən getməsəm, Putin də getməyəcək, haqlı da çıxdım. Əgər lazım olsa, mən cümə günü İstanbula gedə bilərəm", - o deyib.

Açıqlama Ukrayna ilə Rusiya arasında İstanbuldakı mümkün danışıqlarda Trampın iştirakı ilə bağlı yayılan ehtimallar fonunda səslənib.
ABŞ prezidenti Donald Tramp dünən Suriya lideri Əhməd Şara ilə keçirdiyi görüşdən də danışaraq bildirib:
"Ölkənin yeni lideri ilə tanış oldum, güclü keçmişi var və ondan çox xoşum gəldi. Düşünürəm ki, o, əla bir təmsilçi olacaq".

Tramp, Suriyaya tətbiq olunan sanksiyaların ləğv olunması məsələsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın israrlı olduğunu vurğulayıb:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da mənə zəng etdi və 'Bunu etməyin bir yolu varmı?' deyə soruşdu. Əgər bunu etməsəydik, onların heç bir şansı qalmayacaqdı. Mən də etdim".

ABŞ lideri bildirib ki, Suriyadakı sanksiyaların illərdir qüvvədə olmasına baxmayaraq, onların varlığından belə xəbərsiz olub:
"Bildiyiniz kimi, ölkənin rəhbərliyində böyük bir dəyişiklik baş verib. Mən də düşündüm ki, onlara bir şans verməliyik".

Tramp sanksiyaların çox ağır olduğunu da etiraf edib:

"Bu sanksiyalar altında onların heç bir şansı yox idi. Bu, yüksək səviyyəli sanksiyalar idi. Heç kim onların öhdəsindən gələ bilmirdi. Suriyaya zəng etmək belə mümkün deyildi".

Qeyd edək ki, bu açıqlamaları Tramp Qətərin paytaxtı Dohada, Yaxın Şərq səfərinin sonunda ölkəni tərk etməzdən əvvəl verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->