ABŞ Prezidenti Donald Tramp cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımadığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” danışığın detallarına bələd olan mənbələrə istinadla
yazır.
"Məqalədə deyilir ki, Tramp Zelenskiyə ABŞ-ın ötən ay İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra Pentaqonun sursat ehtiyatlarının yoxlanmasını əmr etdiyini, lakin Müdafiə Nazirliyinə silah tədarükünü dondurmaq göstərişi vermədiyini bildirib”.
Ağ Evin mətbuat katibi Karolin Livit isə bazar ertəsi keçirilən brifinqdə bəyan edib ki, ehtiyatların yoxlanılması barədə göstərişi yeni vəzifəyə başlayan müdafiə naziri Pit Hegset verib – "ölkədən çıxarılan hər bir şeyin Amerikanın maraqlarına uyğunluğunu təmin etmək məqsədilə”.
Mənbələrin bildirdiyinə görə, Tramp Zelenskiyə ABŞ-ın "mümkün qədər çox hərbi yardım göstərəcəyinə” də zəmanət verib.
Pentaqonun nümayəndəsinin sözlərinə görə, Birləşmiş Qərargah Rəisləri Komitəsi Ukraynaya dondurulmuş yardımın qiymətləndirilməsini başa çatdırıb. Komitənin sədri general Dən Keyn müdafiə naziri Hegsetə tədarükün bərpası ilə bağlı tövsiyə hazırlayır.
Eyni zamanda, WSJ-nin həmsöhbətlərinin bildirdiyinə görə, Ağ Evin Milli Təhlükəsizlik Şurası çərşənbə axşamı toplaşaraq Ukraynaya silah tədarükü məsələsində növbəti addımları müzakirə edəcək.
"Politico” yazır ki, ABŞ xüsusi elçisi Kit Kelloq ilə Ukraynanın müdafiə naziri Rüstəm Umerov arasında bu və gələn həftə keçiriləcək görüşlərdən sonra bəzi silah növlərinin tədarükü bərpa oluna bilər.
Donald Tramp iyulun 7-də Ukrayna ordusuna silah təhvil veriləcəyini elan etmişdi.
Daha sonra Pentaqon Trampın göstərişi ilə Ukraynaya əlavə silah göndəriləcəyini açıqlamışdı.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi dünən Prezident Donald Trampın tapşırığı ilə Ukraynaya əlavə silah göndərilməsi barədə rəsmi açıqlama verib. Pentaqonun sözçüsü Şon Parnelin bu barədə bəyanatı nazirliyin rəsmi saytında dərc olunub.
"Prezident Trampın göstərişinə əsasən, Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə xarakterli silah göndərir ki, ukraynalılar özlərini müdafiə edə bilsinlər. Biz isə bu müddətdə davamlı sülhün təmin edilməsi və qətllərin dayandırılması üzərində işləyirik”, – deyə bəyanatda bildirilir.
Alpər
Şərhlər