ABŞ Prezidenti Donald Tramp Rusiyanın yeni bir işğala əl atmayacağına əmin olduğu üçün Birləşmiş Ştatların Ukraynanın gələcək müdafiəsində iştirakı ilə bağlı öhdəliklər götürməyə hazırdır.
Qaynarinfo xəbər verri ki, bu barədə o, "The New York Times” qəzetinə verdiyi müsahibədə
bildirib.
"Mən tam əminəm ki, onlar yenidən işğala başlamayacaqlar, əks halda mən buna razı olmazdım", — deyə Tramp bəyan edib.
NYT-nin qeyd etdiyinə görə, Amerika lideri bu cavabı Rusiyanın mümkün atəşkəsi pozub yenidən təcavüzə başlayacağı təqdirdə Ukraynanı müdafiə etmək üçün müharibəyə girməyə hazır olub-olmaması barədə suala cavab verərkən deyib.
Materialda xatırladılır ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində qərb tərəfdaşlarından, xüsusən də ABŞ-dan aydın təhlükəsizlik zəmanətləri almaqda israr edir. Kiyev istəyir ki, sülh sazişi bağlandıqdan sonra müttəfiqlər yeni bir işğal halında Ukraynaya kömək etmək öhdəliyi götürsünlər.
NYT-nin qiymətləndirməsinə görə, Trampın bu şərhləri onun belə öhdəlikləri dəstəkləməyə hazır olduğunun ən aydın siqnalıdır — ən azı müttəfiqlərə dəstək formatında.
Eyni zamanda, ABŞ Prezidenti Vladimir Putinin guya sülh tərəfdarı olduğuna dair inamını yenidən ifadə edib. Halbuki, Tramp administrasiyası ilə təxminən bir ildir davam edən danışıqlara rəğmən, Rusiya müharibəni hələ də dayandırmayıb.
"Hesab edirəm ki, o, saziş bağlamaq istəyir. Lakin mən bu barədə düşünmüşəm — mən artıq çoxdan bu barədə düşünürəm", — deyə Amerika lideri bildirib.
Mümkün sülh sazişini və Rusiyanın yeni hücumu halında Ukraynaya hərbi dəstəyi şərh edən Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar bu prosesdə aparıcı rol oynamayacaq:
"Gəlin belə deyək: onun müttəfiqləri, bütün Avropa, buna qoşulan digər ölkələr — və Birləşmiş Ştatlar".
Xatırladaq ki, Volodimir Zelenski Ukrayna üçün Amerika təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sənədin faktiki olaraq ən yüksək səviyyədə yekunlaşdırılmağa hazır olduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib ki, müharibənin bitməsi üçün baza çərçivəsindəki mürəkkəb məsələlər də müzakirə olunub və Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim edib.
Bu bəyanat Parisdə keçirilən və Avropa ölkələrinin Ukraynaya sülhməramlı kontingent göndərməyi müzakirə etdiyi sammitlə eyni vaxta təsadüf edir.
Alpər
Şərhlər