Xəbər lenti

Tozsoran satıcısı və Amerika kirli realizminin səssiz inqilabı - Reymond Karver barədə maraqlı faktlar
Dünya 15:16 28.07.2025

Tozsoran satıcısı və Amerika kirli realizminin səssiz inqilabı - Reymond Karver barədə maraqlı faktlar

Ədəbiyyat bəzən bizə nəhəng romanlarla, əzəmətli personajlarla, tarixi faciələrlə müraciət edir. Bəzən isə, sadəcə bir mətbəx səhnəsində susan ər-arvadın arasında baş verən bir baxışla... Reymond Karver məhz ikinci cəbhədə döyüşən bir yazıçı idi. Onun qəhrəmanları, adətən, işsiz qalıb evdə siqaret çəkən kişilər, xəstəxanada qohumunu gözləyən qadınlar, ya da sadəcə bir stəkan çay qarşısında həyat yoldaşına nə deyəcəyini bilməyən adamlar idi. Və buna baxmayaraq, Karver XX əsr Amerikan ədəbiyyatında bir inqilab yaratdı. Sadəcə sadə yazaraq "kirli realizmin" səsinə çevrildi.

Tozsoran satıcısı, fabrikdə fəhlə...

Raymond Carver 1938-ci ildə ABŞ-ın Oregon ştatında doğulmuşdu. Bəziləri bunu təsadüf hesab edə bilər, amma onun doğulduğu şəhərin adı belə simvolikdir: Clatskanie – heç bir ədəbi mərkəzə, sənətə yaxın olmayan, kiçik, darıxdırıcı və kasıb bir bölgə. Bəlkə də elə buna görə Karverin ədəbiyyatı sadə insanların mürəkkəb duyğularından ibarət idi – o bu insanları özü qədər yaxşı tanıyırdı. Atası dülgər idi və tez-tez içirdi. Oğlu Reymond isə məktəbdən sonra yük maşınlarına yük yükləyir, supermarketlərdə işləyirdi.

Az adam bilir ki, Karver yazıçı olmamışdan öncə tozsoran satıcısı, fabrik fəhləsi və hətta mebel daşımada köməkçi kimi çalışmışdı. O, heç vaxt "öz otağında, sakit yazı masasında” yazan yazıçı obrazına malik olmadı. Onun ilk hekayələri yataq otağında, mətbəx masasının üstündə, uşaqlar yatdıqdan sonra yazılırdı.

Diplomsuz dahi

Karverin təhsili də qeyri-adi və parça-parça olub. O, universitetə gedə bilmək üçün müxtəlif texniki kurslar, axşam dərsləri və dövlət təqaüdlərindən istifadə edirdi. 1960-cı illərdə Kaliforniya ştatındakı Humboldt State Collegedə oxuyarkən qismətinə Amerikan qısa hekayəsinin digər əfsanəsi John Gardner ilə tanış olmaq düşdü. Gardner Karverin istedadını ilk tanıyanlardan oldu və onun yazı həyatında qapıları açdı.

Amma Karver heç vaxt rəsmi şəkildə MFA (Master of Fine Arts) dərəcəsi almadı. O, yaradıcılıq yazı kurslarına qatılır, lakin həmişə maddi çatışmazlıq səbəbindən təhsilini yarımçıq qoyurdu. Maraqlıdır ki, bu gün ABŞ-ın ən nüfuzlu yazı proqramları Karveri öz ustadlarından biri kimi tədris edir.
 


"Bu hekayə mənim deyil, mən onu tanımıram"

Raymond Karver adətən bir hekayəni 8–9 dəfə redaktə edirdi. Amma onun ilk uğur hekayəsi "Will You Please Be Quiet, Please?” çap olunandan sonra həyatında böyük bir dönüş baş verdi – o, redaktorlardan biri ilə qarşılaşdı: Gordon Lish.

Gordon Lish – The New Yorker və Esquire kimi jurnallarda redaktor işləyən, sərt üslubu ilə tanınan biri idi. Karverin hekayələrini redaktə edərkən, Lish çox zaman onların 40-50 faizini ixtisar edir, bəzən sonluqları dəyişir, bəzi obrazları isə tamamilə silirdi.

Maraqlı fakt: Karverin ən məşhur hekayələrindən biri olan "What We Talk About When We Talk About Love” əslində 10 səhifədən ibarət idi, amma çap olunan versiyada Lish onu 4 səhifəyə salmışdı! Karver bu redaktəyə qarşı çıxa bilmədi, çünki o dövrdə artıq tanınmaq istəyirdi. Daha sonra isə öz dostlarına deyirdi: "Bu, mənim hekayəm deyil. Mən onu tanımıram.”

Alkoqol – onun həm ilhamı, həm düşməni

Karverin yaradıcılığı ilə alkoqolizmi ayırmaq mümkün deyil. 1970-ci illərdə o, demək olar ki, gündəlik içki içirdi. Həyat yoldaşı Meri Ann onun bu vərdişləri ilə illərlə mübarizə aparsa da, münasibətləri çökdü. O, içki səbəbindən işindən, dostlarından və bir çox potensial imkanlardan uzaq düşdü.

Lakin 1977-ci ildə Karver qəfil bir qərarla içkini tamamilə atdı. O gündən etibarən həyatını iki yerə ayırırdı: "Good Raymond" (ayıq dövr) və "Bad Raymond" (içki dövrü). Hətta bu dönüş o qədər mühüm idi ki, doğum gününü artıq 25 iyun yox, ayıq yaşamağa başladığı tarixi – 2 iyun 1977-ci ili qeyd edirdi.
 


"Yeni həyat" və Tess Gallagher

Karver 1970-ci illərin sonlarında şair Tess Gallagher ilə tanış oldu. Onların münasibəti həm romantik, həm də yaradıcılıq baxımından zəngin idi. Tess, Karverin həyatına sabitlik gətirdi və onu intellektual mühitlə daha dərindən tanış etdi. Onlar evlənmədilər, amma Karver ölməzdən öncə, 1988-ci ildə onunla rəsmi şəkildə evlənmək qərarı aldı.

Karver və Tess ömrünün son aylarını Vaşinqton ştatının Port Angeles şəhərində – dəniz sahilindəki sakit bir evdə keçirdilər. Karver həmin evdə öz məşhur şeirlərini yazdı və daha əvvəl tanımadığımız – daha yumşaq, meditativ və fatalist bir Karver ortaya çıxdı.

Poeziya – heç kim fərq etməsə də, onun əsl sevgisi

Çoxları Karveri yalnız nasir hesab edir. Amma o, özünü ilk növbədə şair kimi görürdü. O, həyatının son illərində "Ultramarine", "A New Path to the Waterfall" kimi poetik toplular çap etdirdi. Onun şeirlərində susqunluq, ölüm və tənhalıq temaları hekayələrindən də daha açıq şəkildə yer alır.

Karver deyirdi:
"Bir şeir, bir insanın son pıçıltısı kimi olmalıdır – həqiqi, çılpaq və tək."

Ölüm və simvolik epitaf

Raymond Karver 1988-ci ildə cəmi 50 yaşında ağciyər xərçəngindən vəfat etdi. Ölümündən bir neçə həftə əvvəl yazdığı şeir – "Late Fragment” – bu gün onun həyat fəlsəfəsinin epitafı sayılır:

"Və sən, həyatının sonunda bunu deyə bilərsənmi:
Sevdim.
Sevilmək istədim.
Və əvəzində sevilmişdim də...
Bunu istədim. 
Az şeydi, amma istədiyim tək şeydi."

Qeyd edək ki, onun qəbir daşı üzərində də bu sətirlər yazılıb.

Malik Atilay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->