"Gürcüstanın belə bir şansı yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Gürcüstan baş naziri İrakli Kobaxidzenin Tiflisin Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu barədə fikrini şərh edərkən deyib.
"Azərbaycanla Ermənistanın görüşməsində ev sahibliyi etmək istəyən ölkələr yetərincədir. Zaman-zaman belə təkliflər Avropa ölkələri, Rusiya, Qazaxıstan, Gürcüstan tərəfindən səslənib. Tiflisin növbəti dəfə bu təkliflə çıxış etməsinin onların vasitəçilik missiyasını öz üzərinə götürməsi anlamına gəldiyini düşünmürəm", deyə Əlimusa İbrahimov bildirib.
Politoloq bildirib ki, Bakı üçün vasitəçilikdən daha çox ikitərəfli görüşün olması daha vacibdir:
"Yəni Azərbaycan heç bir dövlətin patronajlığı altında görüş keçirmək istəmir. Bu mənada Tiflis vasitəçilik deyil, sadəcə olaraq görüş üçün öz məkanını təklif edə bilər. Ermənistan Rusiyanın təklif etdiyi vasitəçilikdən imtina edir. Azərbaycan da Aİ və ABŞ-ın nəzarəti altında görüşdən imtina edir. Buna səbəb də Qərbin ermənipərəst siyasət yürütməsidir".
Həmsöhbətimizin fikrincə, Gürcüstanın Ermənistan Azərbaycan münasibətlərində vasitəçilik etmək şansı yoxdur:
"Vasitəçilik etmək yarana bilən narazılıqların, qəbul olunmayan məsələlərin razılaşdırılması deməkdir. Tiflis isə indiki halda bu vasitəçilik missiyasını öz üzərinə götürə bilməz. Sadəcə o, görüş üçün yer təklif edə bilər".
Ekspert qeyd edir ki, İrəvan isə ikitərəfli görüş barədə hələlik müsbət fikir bildirmir:
"Yəni Ermənistana onun arxasında dayanan Qərb hələ ki, Azərbaycanla ikitərəfli görüş keçirməyə icazə vermir. Bu da Ermənistanın müstəqil olmadığının göstəricisidir. Deməli, onun qərar qəbulunda problemlər var. Ermənistanın arxasında dayanan qüvvələr vasitəçilik edəcəksə, təbii ki, Azərbaycan bunu qəbul etməyəcək".
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkəsinin Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. O, Gürcüstan televiziyasına verdiyi müsahibədə qeyd edib ki, əgər hər iki tərəf istəyərsə, Gürcüstan danışıqlar prosesində daha fəal iştirak etməyə və iki qonşu ölkəyə yardım və dəstək göstərməyə hazırdır. Kobaxidze vurğulayıb ki, Gürcüstanın vasitəçi kimi çıxış etməsi və ya danışıqların təmin edilməsi prosesində daha fəal iştirak etməsinə maraq yaranarsa, ölkəsi hər zaman buna hazırdır.
Xatırladaq ki, Tiflis bundan əvvəl də sözügedən istiqamətdə vasitəçiliyini təklif edib.
Rüfət Sultan
Şərhlər