Xəbər verdiyimiz kimi tələbələrə ictimai nəqliyyatda 10 faiz güzəşt tətbiq olunacaq.Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadənin bildirdiyinə görə hazırda təxminən 160 min tələbə güzəşt nəzərdə tutulan "TələbəPlus” kartından istifadə edir.
Təhsil eksperti Elçin Əfəndi "Qaynarinfo”ya açıqlamasında qeyd edib ki, tələbələrə verilən kart yalnız ictimai nəqliyyat üçün güzəştləri əhatə etmir:
"Kart eyni zamanda iaşə, əyləncə və qida sahələrində də tətbiq olunur. Tələbələr kartı təqdim etməklə müxtəlif güzəştlər əldə edirlər. Hazırda ictimai nəqliyyatda 10% endirim nəzərdə tutulur”.
Ekspert əlavə edib ki, bu güzəştlər tələbələr üçün böyük əhəmiyyət kəsb edir:
"Tələbələr daha çox ictimai nəqliyyatdan istifadə edirlər, istər yerüstü, istərsə də yeraltı nəqliyyat vasitələrində. Hesab edirəm ki, tələbələrin kitablara da böyük ehtiyacı var. Kitab mağazaları "Dərsliyin İnkişaf Fondu” ilə müqavilə bağlasa, tələbələr müəyyən endirimlərdən faydalana bilərlər. Eyni prinsipi müəllimlər üçün də tətbiq etmək olar. Xarici təcrübədə tələbələrə xüsusi kartlar verilir və ay ərzində 30 gediş-gəliş pulsuz hesab olunur. Bu həddi aşan tələbələr əlavə ödəniş edirlər”.
Elçin Əfəndi Azərbaycanda bu prinsipi tətbiq etməyin vacibliyini vurğulayıb:
"Azərbaycanda da eyni prinsipi tətbiq etmək olar. Tələbə ay ərzində həftədə 5 gün dərsə gedirsə, 20 gediş və 20 gəlişi pulsuz təmin etmək mümkündür. Yaxud kitab dükanından aldığı 3 kitabdan sonra növbəti kitabı pulsuz almaq imkanı verilə bilər. Bu, həm tələbə, həm də müəllimlərin sosial rifahının yaxşılaşmasına xidmət edəcək”.
Bahar Rüstəmli
Şərhlər