İran kritik güc boşluğu ilə üz-üzədir. Öldürülən ali lider Əli Xameneinin vəfatından sonra ölkənin daxili siyasəti və regional balans üçün növbəti addımlar maraqla gözlənilir. Analitiklər bildirirlər ki, yaxın günlərdə seçiləcək lider yalnız İranın daxili vəziyyətinə deyil, eyni zamanda bütün Orta Şərqin gələcəyinə də ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, Türkiyənin İran Araşdırmaları Mərkəzinin (İRAM) mütəxəssisi Oral Toğa ölkənin gələcəyini formalaşdırma potensialına malik dörd əsas namizədin adını açıqlayıb.
Atəşkəs və diplomatiya yolunu seçə biləcək lider: Əlirza Ərafi
Namizədlər arasında ilk ad 67 yaşlı Əlirza Ərafidir. O, müvəqqəti liderlik şurası çərçivəsində atəşkəs prosesinə rəhbərlik edə biləcək namizəd kimi təqdim olunur. Ərafinin İran mədrəsələrinin və dini təhsil infrastrukturunun idarə olunmasında geniş təcrübəsi var.
2023-cü ildə Moskvaya səfəri zamanı o, Rusiya rəsmiləri ilə görüşərək "Rusiya ilə hərtərəfli əməkdaşlıq” mesajı verib. Roma Papası Fransisk də 2022-ci ildə Vatikana səfəri zamanı Ərafini qəbul edib.
Ekspertlər hesab edirlər ki, Ərafi seçiləcəyi təqdirdə dini legitimlik simvolik şəkildə təmin edilə bilər. Lakin real hakimiyyətin Əli Laricani və Sadiq Laricani kimi əsas fiqurların əlində qalacağı ehtimal olunur.
Bu ssenaridə atəşkəs danışıqlarının rejim dəyişikliyindən qaçaraq Omanın vasitəçiliyi ilə aparılması mümkündür. Bununla belə, proses qarşısında bir sıra maneələr var. Bunlara radikal din xadimləri, vəfat etmiş həmkarlarının intiqamını almaq istəyən İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri və Xameneinin ölümünə çağırış edən fətvalar verən bəzi din xadimləri daxildir.
Qarşıdurmanı artıracağı ehtimal olunan lider: Məhəmməd Mehdi Mirbağəri
66 yaşlı Məhəmməd Mehdi Mirbağəri İranın ən radikal ideoloji qanadını təmsil edən fiqurlardan biri hesab olunur. O, televiziya çıxışlarının birində "ilahi məqsəd üçün dünyanın yarısı yox olsa belə, buna dəyər” ifadəsini işlədib.
Analitiklər bildirirlər ki, Mirbağəri seçiləcəyi halda diplomatik kanalların tamamilə bağlanması və ABŞ-ın bazalarına, İsrail şəhərlərinə, həmçinin Körfəz ölkələrinə qarşı hücumların artması ehtimalı var.
Bununla belə, onun ali lider seçilmə ehtimalı aşağı qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyi olmadan bu posta gəlməsi institusional baxımdan mümkün deyil. Mirbağəri daha çox Uzmanlar Məclisində sərt ideoloji qanadı təmsil edən və qərar prosesinə təsir göstərən fiqur kimi qiymətləndirilir.
Daha praqmatik namizəd: Sadiq Laricani
64 yaşlı Sadiq Laricani daha kontrollu və praqmatik yanaşması ilə seçilir. Onun böyük qardaşı Əli Laricani uzun illər böhran vəziyyətlərində kompromis tapmağı bacaran siyasi fiqur kimi tanınıb.
Sadiq Laricani ideoloji sərtlikdən daha çox institusional davamlılığa üstünlük verən siyasətçi kimi xarakterizə olunur. Analitiklərin fikrincə, o seçilərsə diplomatik kanallar açıq saxlanacaq, regional qarşıdurma minimum səviyyəyə endiriləcək və İranın nüvə proqramı qorunacaq.
Eyni zamanda vurğulanır ki, onun praqmatikliyi ideoloji yumşalma anlamına gəlmir. Bu yanaşma daha çox rejimin və idarəçilik sisteminin davamlılığını qorumağa yönəlib.
Hərbi idarəetmə ssenarisi: Müctəba Xamenei
Ölən liderin ikinci oğlu Müctəba Xamenei potensial hərbi keçid ssenarisinin mərkəzi fiqurlarından biri hesab olunur. O, İnqilab Keşikçilərinin dəstəyini təmin edərsə, hakimiyyətin hərbi şuralar vasitəsilə formalaşdığı yeni idarəetmə modelinin yarana biləcəyi ehtimal edilir.
Bu ssenaridə dini legitimlik çərçivəsi formal olaraq qorunsa da, qərarların qəbulunda əsas rolu təhlükəsizlik və hərbi strukturlar oynaya bilər. Analitiklər hesab edirlər ki, belə bir inkişaf İranın teokratik modeldən daha açıq hərbi xarakterli rejimə doğru transformasiyasına gətirib çıxara bilər.
"Namizəd olmasa belə, Əli Laricaninin rolu kritikdir”
Oral Toğa qeyd edib ki, sadalanan namizədlərdən başqa, Əli Laricaninin rolu da həlledici ola bilər. Onun sözlərinə görə, Laricani ali lider postuna namizəd olmasa belə, prosesdə "kral qurucusu” rolunda çıxış edə bilər və keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin 1989-cu ildə oynadığı rola bənzər təsir göstərə bilər.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri və kəşfiyyat strukturları ilə birbaşa əlaqələri olan Laricani "Vilayət-i fəqih” sistemi üçün tələb olunan dini rütbəyə malik olmaya bilər. Bununla belə, onun siyasi sistemə pərdəarxası təsir imkanlarının yüksək olduğu qeyd olunur.
Oral Toğa Hüseyn Möhseni Ejeinin roluna da diqqət çəkib. Keçid Şurasının üzvü və məhkəmə sisteminin rəhbəri olan Ejeinin Xameneinin müəyyən etdiyi üç mümkün varisdən biri olduğu bildirilir. Onun məhkəmə hakimiyyətinin rəhbəri kimi 2025–2026-cı illərdə baş verən etirazların yatırılmasında əsas fiqurlardan biri olduğu qeyd edilir.
Günay
Şərhlər