"Ukraynanın gələcək sülh danışıqlarında müzakirə olunmayacaq və dəyişməz qalacaq üç əsas prinsip var”.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa "RBK-Ukrayna"ya müsahibəsində
bildirib.
"Mən bu ifadəni (qırmızı xətlər) çox sevmirəm. Amma toxunulmaz və müzakirəyə açıq olmayan fundamental məsələlər var. Birincisi – Ukraynanın ərazi bütövlüyü və suverenliyi. Ukrayna işğal olunmuş əraziləri heç vaxt tanımayacaq. İkincisi – heç bir ölkə Ukrayna xalqının seçiminə, Ukraynanın hər hansı bir ittifaqa – istər Avropa İttifaqı, istərsə də NATO-ya qoşulmasına veto qoya bilməz", – deyə nazir bildirib.
Sibiqanın sözlərinə görə, üçüncü müzakirə olunmayacaq məsələ Ukrayna ordusunun müdafiə qabiliyyətinə və imkanlarına qoyulan hər hansı məhdudiyyətlərdir. O vurğulayıb ki, bu fundamental məsələlər Ukraynanın bütün tərəfdaşlarına bəllidir.
"Rusiya məsuliyyətə cəlb olunmalıdır. Bunlar hərtərəfli sülhün tərkib hissələridir. Onlar bizim ''sülh formulumuzda'' da əks olunub və beynəlxalq arenada mövqeyimizi müəyyən edən yanaşmaları əks etdirir. Bizim üçün əsas olan prinsiplər bunlardır: ''Ukrayna olmadan Ukrayna haqqında heç nə'', ''Avropa olmadan Avropa haqqında heç nə''. Və biz burada da dəstəyi hiss edirik", – deyə nazir vurğulayıb.
Xatırladaq ki, mart ayının əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə ölkədə sülhün bərqərar olması üçün zəruri addımları təqdim edib.
Ukrayna liderinin sözlərinə görə, hər kəs işğalçı ölkə olan Rusiyanın müharibəni bitirmək zərurətini qəbul etməsinə nail olmalıdır. Bundan başqa, əsirlərin azad edilməsi bazis etimadın qurulması üçün vasitələrdən biri ola bilər. Həmçinin, Zelenski Ukraynanın gələcək sülh danışıqları üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Eyni zamanda, Avropa İttifaqı sülh danışıqları ilə bağlı beş prinsip razılaşdırıb. Avropa liderlərinin fikrincə, "güc vasitəsilə sülhə nail olmaq" üçün Ukraynanın müdafiə qabiliyyəti baxımından ən güclü mövqedə olması vacibdir.
Alpər
Şərhlər