Xəbər lenti

Texnologiya 22:50 17.03.2025

"Google"un süni intellekti alimlərin onilliklər boyu araşdırdığı problemi iki günə həll etdi

"Google"un süni intellekt aləti cəmi iki gün ərzində bəzi bakteriyaların antibiotiklərə qarşı davamlılığı ilə bağlı elmi problemi həll edib. 

Qaynarinfo xəbər verir ki, bu məsələ hər il milyonlarla insanın ölümünə səbəb olur və Londondakı İmperial Kollecinin tədqiqatçıları onu araşdırmağa 10 ildən çox vaxt sərf etmişdilər.

Süni intellekt bakteriyalar üzərində yeni mexanizm aşkar etdi

Professor Xose Penadesin rəhbərlik etdiyi mikrobiologiya tədqiqat qrupu, müxtəlif bakteriya növlərini yoluxdura bilən cf-PICIs bakteriofaqlarını öyrənirdi. Alimlər bəzi virusların öz DNT-lərini bakteriyalara ötürmək üçün digər virusların "quyruqlarından” istifadə edə biləcəyini irəli sürüblər. Aparılan eksperimentlər bu hipotezi təsdiqləyib və elmi ictimaiyyətin əvvəllər məlum olmayan genlərin horizontal ötürülməsi üçün yeni bir mexanizm kəşf olunub.

Tədqiqatçılar öz tapıntılarını açıqlamadan əvvəl, "Google"un elmi araşdırmalar üçün yaradılmış süni intellekt aləti olan "AI Co-Scientist"ə eyni sualı veriblər. İki gün ərzində süni intellekt bir neçə cavab variantı təklif etdi və onlardan biri alimlərin uzun illər üzərində çalışdıqları hipotezlə tam üst-üstə düşüb.

Professor Penades bu barədə belə danışıb:

"Bu, əslində o demək idi ki, süni intellekt mövcud məlumatları müstəqil şəkildə təhlil edib, səhv ehtimalları aradan qaldıraraq, bizim illər ərzində gəldiyimiz hipotezi cəmi iki günə müəyyənləşdirdi".

Süni intellekt elmdə inqilab yarada bilərmi?

Tədqiqatçılar bildirirlər ki, süni intellektin istifadəsi eksperimentlərin aparılması zərurətini aradan qaldırmasa da, doğru hipotezin irəli sürülməsini sürətləndirərək, illərlə çəkən araşdırmalara böyük zaman qazandıra bilər.

Buna baxmayaraq, süni intellektin elmi araşdırmalarda istifadəsi mübahisəli məsələ olaraq qalır. Çünki bəzi süni intellekt tərəfindən yaradılan elmi tədqiqatlar təkrarlana bilmir və ya qeyri-dəqiq olur. Buna görə də alimlər süni intellektin verdiyi nəticələri yoxlamaq üçün yeni metodlar və etik standartlar hazırlayırlar.

Süni intellekt yarışında yeni addımlar

"OpenAI"ın rəhbəri Sem Altman süni intellekt sahəsində GPT-5-in istifadəyə verilməsi ilə yeni inqilabın başlanacağını bildirib. Bu texnologiyanın insan düşüncəsinə bənzər ümumi süni intellektə (AGI) doğru böyük bir addım olacağı gözlənilir.

İlon Mask isə "Grok 3" adlı yeni nəsil süni intellekti təqdim edib və onu "Yer üzündəki ən ağıllı süni intellekt" adlandırıb. "Grok 3" riyaziyyat, elm və proqramlaşdırma sahələrində "ChatGPT" və digər rəqiblərindən daha yaxşı nəticələr göstərib.

Süni intellektin elmdə istifadəsi hələ də mübahisəli məsələ olsa da, onun insan araşdırmalarını sürətləndirə biləcəyi və yeni kəşfləri mümkün edəcəyi artıq reallığa çevrilməkdədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->