Xəbər lenti

Saxta boşanmalar: sosial müavinət almaq fəndlərindən daha biri – Meyar ləğv edilməlidir
Ölkə 18:22 26.07.2025

Saxta boşanmalar: sosial müavinət almaq fəndlərindən daha biri – Meyar ləğv edilməlidir

Son illər Azərbaycanda rəsmi boşanma ilə bağlı statistika artmaqdadır. Mütəxəssisləri narahat edən bu statistikanın arxasında başqa səbəblərin durduğu üzə çıxıb.

Bəzi məlumatlara əsasən, dövlətdən sosial müavinət almaq üçün saysız- hesabsız boşananlar da var. İnsanlar ailə büdcəsini artırmaq, yaşayış səviyyəsini yüksəltmək məqsədi ilə çıxış yolunu boşanmalarda görürlər. 

Bu saxta boşanmaların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Hüquq müdafiəçisi Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında sosial yardımlarla bağlı boşanma hallarının mümkün olduğunu qeyd edib:

"Sosial yardım üçün boşanma hallarının olması mümkündür. Lakin mütəxəssislər bunu diqqətlə araşdırmalıdır. Sosial yardımla bağlı müraciətlərə baxılmasında bir sıra obyektiv və subyektiv problemlər var. Bunlardan biri məhz sosial yardım üçün müraciətlərin yalnız elektron formada olmasıdır. Bu, şəffaflıq baxımından müsbət tendensiya olmaqla bərbabər, aztəminatlı və sosial yardıma ehtiyacı olan bəzi ailələrin internet bilgilərinin zəif olması səbəbindən, ya da dəllal vasitəsi ilə müraciət etməsinə, yaxud müraciət edə bilməməsinə səbəb olur”.

Vəkil təklif edib ki, bu tipli ailələrin müraciətlərini asanlaşdırmaq üçün Dost Xidmətlərinin nəzdində pulsuz yardım göstərən vətəndaşlar olmalıdır. 

İqtisadçı Əkrəm Həsənov da saxta boşanma hallarının olduğunu bildirib:

"Bu gün sosial müavinət almağın əsas meyarlarından biri qadınların tək yaşaması, həm də ərsiz olmasıdır. Məsələn, uşaqları var, amma ayrılıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. İnsanlar həmişə sosial müavinət almaq üçün özlərinə yalandan əlillik düzəldirlər”.

Ekspert bundan Azərbaycanda da istifadə edənlərin sayının çox olduğunu xatırladıb:

"Azərbaycanda əvvəllər formal boşanma hallarına pis baxırdılar. Amma indi bu, adi hal olub. Onsuz da boşanmaların sayı çoxdur. Bunun qarşısını almaq isə mümkün deyil. Ya gərək meyarı ləğv etsinlər, ya da bu, arta-arta gedəcək”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->