Amerikalı milyarder Uorren Baffet uğur qazanmaq üçün 10 min saatlıq təcrübə ideyasını sərt şəkildə tənqid edib. Onun fikrincə, təkcə uzun müddət məşğul olmaq uğura zəmanət vermir.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, 2025-ci ildə "Berkshire Hathaway" şirkətinin səhmdarlarının yığıncağında çıxış edən Baffet belə deyib:
"Mən o kitaba inanmıram, orada deyilirdi ki, hansısa işə 10 min saat sərf etsən, mütləq uğur qazanarsan. Mən 10 min saat taqqıltı rəqsi ilə məşğul ola bilərəm, amma siz mənə baxanda bezərsiniz".
O, Malkom Qladuellin "İstisnalar" kitabında yer alan və "ustalığa çatmaq üçün 10 min saatlıq məşq" kimi təqdim edilən məşhur nəzəriyyəni mənasız sayır. Hətta Qladuellin özü də sonradan bu yanaşmanın yetərli olmadığını etiraf etmişdi: "Məşq etmək kifayət deyil... Mən 100 il şahmat oynaya bilərəm, amma yenə də qrossmeyster olmayacam".
Baffet uğur üçün təbii bacarıqların, marağın və yaxşı müəllimlərin vacibliyini vurğulayıb.
"Əgər mən Ben Qrehemi oxumağa 10 saat sərf etsəydim, bitirəndə lənətə gəlmiş dərəcədə ağıllı olardım" deyə o, mentorunu nəzərdə tutaraq bildirib və əlavə edib: "Öz yolunuzu tapın, məktəbdə sizinlə söhbət etmək istəyən insanlar olacaq. Ətrafınıza baxın və sizi həqiqətən cəlb edən şeyi tapın".
Onun sözlərinə görə, əsl maraq göstərən tələbələr müəllimlərin diqqətini çəkir və mentorlar bu cür insanlara sevinclə dəstək verir: "Müəllimlər adətən dərsinə maraq göstərən bir gənc tələbəyə əlavə vaxt ayırmaqdan məmnun olurlar".
Kolumbiya Universitetindəki təhsilindən danışan Baffet əlavə edib: "Mən onların dedikləri şeylərlə maraqlanırdım. Onlara da elə gəlirdi ki, mən doğrudan da maraqlanıram. Heç vaxt başqa biri olmağa çalışmamışam".
Aydın
Şərhlər