"Microsoft" şirkətinin qurucusu Bill Qeyts ABŞ prezidenti Donald Tramp və "Tesla" şirkətinin rəhbəri İlon Maska qarşı sərt ifadələr işlədərək, ABŞ-ın inkişaf yardımlarındakı nəhəng ixtisarlarının dünya üzrə uşaq ölümlərində ciddi artıma səbəb olacağını deyib.
Qaynarinfo xəbər verir ki, dünyanın ən tanınmış xeyriyyəçilərindən biri olan Qeyts verdiyi müsahibədə Tramp və Maskı sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, ABŞ-ın xarici yardım büdcəsindəki böyük kəsintilər uşaq ölümlərinin sayının azalmaq əvəzinə artmasına yol aça bilər.
"Uşaq ölümləri ilə bağlı rəqəmlərin önümüzdəki illərdə beş milyondan dörd milyona enəcəyi gözlənilirdi. Əgər ciddi bir geri addım atılmasa, bu rəqəm beş milyondan altı milyona yüksələcək. Bu, olduqca narahatedicidir", deyə milyarder bildirib.
Qeyts ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) büdcəsindəki azalmaları "şokedici" adlandırıb. O, əvvəlcə yalnız 20 faizlik bir azalma gözlədiyini, lakin reallıqda bu kəsintinin 80 faizə qədər çıxdığını bildirib: "Bu qədər böyük bir azalma gözləmirdim. Düşünürəm ki, heç kim gözləmirdi".
Qeyts bu kəsintilərin arxasında Tramp administrasiyasının və federal xərclərə qarşı sərt mövqe sərgiləyən İlon Maskın dayandığını bildirib.
Xatırladaq ki, 2023-cü ilin sonunda Qeyts və Tramp üç saatlıq bir axşam yeməyində görüşmüşdülər və Qeyts Trampın bəzi məsələlərə göstərdiyi marağı müsbət dəyərləndirmişdi. Lakin bir neçə ay sonra həm Tramp, həm də hökumət səmərəliliyi üzrə cavabdeh elan olunan Mask federal xərclərə qarşı aqressiv siyasət tətbiq etməyə başlayıblar. "The New York Times" bu yanaşmanın Qeyts Fondunu ciddi şəkildə sarsıtdığını yazıb.
Mask haqqında danışan Qeyts onun davranışını belə şərh edib: "Bir həftəsonu əyləncəyə getmədiyi üçün büdcəni odun doğrayıcısına atdı".
Müsahibədə milyarderlərin iştirak etdiyi "Giving Pledge" təşəbbüsünə toxunulub. Qeyts bu təşəbbüs çərçivəsində vəsaitin ölüm zamanı və ya sonra deyil, hələ sağkən bağışlanmasının daha məntiqli olduğunu bildirib: Ola bilər ki, bir gün əla bir xeyriyyəçi olsun. Amma bu gün dünyanın ən zəngin adamı, dünyanın ən yoxsul uşaqlarının ölümündə pay sahibidir".
Aydın
Şərhlər