Xəbər lenti

Rusiya Ermənistandakı hərbi gücünü artırır, İrəvan isə inkar edir (SƏNƏDLƏR)
Dünya 15:56 07.07.2025

Rusiya Ermənistandakı hərbi gücünü artırır, İrəvan isə inkar edir (SƏNƏDLƏR)

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) məlumat yayıb ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistandakı hərbi bazanın "tamamlanması" (daha doğrusu, gücləndirilməsi) barədə əmr verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyskaya Pravda” QUR-a istinadla məlumat yayıb.

Kəşfiyyat idarəsi Cənub Hərbi Dairəsinin qərargah rəisinin vəzifəsini icra edən general-mayor Zemskovun imzaladığı teleqram sənədini dərc edib.

Sənəddə Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının "daha da gücləndirilməsi" məqsədilə şəxsi heyətlə təcili şəkildə "dokomplektləşdirmə" aparılması barədə göstəriş verilir.

Göstərişə əsasən, Rusiya ordusunun Cənub Hərbi Dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci ümumqoşun ordularından hərbi qulluqçuların seçilərək Gümrüdəki bazaya göndərilməsi nəzərdə tutulur. Bu tədbirin müddəti isə 13 may – 11 iyun tarixləri arasında müəyyən edilib.

Həmçinin əmrə əsasən, konkret bölmələrin komandirlərinə bu seçim prosesinə "maksimum dəstək vermək" tapşırılıb.

Sənəddə Gümrüyə göndəriləcək hərbçilər üçün peşə hazırlığı, döyüş bacarığı və psixoloji davamlılıq baxımından xüsusi tələblər də qeyd olunub. Əlavə olaraq, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etmiş şəxslərin seçilməsinə qəti qadağa qoyulub.
Xatırlatma: İyulun 5-də Ukrayna kəşfiyyatı bildirmişdi ki, Rusiya Ermənistandakı Gümrü bazasını sürətlə gücləndirir və bununla Cənubi Qafqaz ölkələrinə qarşı hərbi-siyasi təzyiqini artırmağa çalışır.

Ermənistan Xarici İşlər Nazirliyi isə iyulun 6-da bu iddianı təkzib edib və QUR-un yaydığı məlumatı "uydurma" adlandırıb.

Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistan ərazisindəki yeganə rəsmi rus bazasıdır və onun fəaliyyəti son illər İrəvan-Moskva münasibətlərində gərginlik nöqtələrindən birinə çevrilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->