Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus "Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla qəza zamanı sağ qalan təyyarənin ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif ediliblər:
Bəs "Rəşadət” ordeni hansı statusu daşıyır:
Modern.az bunu araşdırıb.
2017-ci ilin dekabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının "Rəşadət” ordeninin təsis edilməsi haqda qanunu təsdiqləyib.
Bu ordenlə adətən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif olunurlar. Orden aşağıdakı hallarda verilir:
– Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
– əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
– Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;
– həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
– fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
– dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
"Rəşadət” ordeninin üç dərəcəsi var. 1-ci dərəcəli "Rəşadət” ordeni ən yüksək dərəcəlidir.
Ordenin dərəcələri ardıcıllıqla verilir.
Orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda "Azərbaycan bayrağı” ordenindən sonra taxılır.
"Rəşadət” ordeni hər bir guşəsi qabarıq ikipilləli formalı, diametri 40 mm olan səkkizguşəli ulduz şəklində lövhədən ibarətdir. Ulduzun ikipilləli guşələrinin arasında ucları kürəcikli relyefli elementlər yerləşdirilib.
Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.
Aydan Rəhimli bu ordenə layiq görülən ilk qadındır.
Şərhlər